Azərbaycanda hər həftə "ölüb-dirilən" baş məşqçi

9 May 2023 09:40 Səbail 1 289
Azərbaycanda hər həftə "ölüb-dirilən" baş məşqçi

«Səbail» «ölüm-qalım» adına tərpənişi Sumqayıtda etdi.

İlk hissədə hesabda geri düşən tərəf oldular.

Fasilədən sonrakı dəqiqələr də qorxulu keçdi. «Sumqayıt» hücumlarının arasını kəsmir, tempi aşağı salmırdı.

Tribunanı doldurmuş yerli publika sevimlilərinin ikinci, üçüncü, hətta dördüncü qolu vuracağına o qədər əmin idi ki! Gedişat onların istədiyi məcraya yön almışdı, amma sən saydığını say, gör, fələk yenə nə sayır!

Qapıdan mərkəz istiqamətinə ötürülən hava topu və Vurğun Hüseynovun biabırçı səhvi öncə hesabı 1:1 etdi.

«Səbail» qolun şokundan ayılmayan «Sumqayıt»ı tezcə daha bir dəfə cəzalandırdı.

Şahin Diniyev artıq oturmağa yer tapmırdı. Narahat idi, bir yerdə qərar tutmurdu.

Əllərini yana açaraq, önünə gələn futbolçusunu qucaqlayırdı.

Franko Mazurekin 90-cu dəqiqədə gələn üçüncü qoluna bayılmadı, yaxşıdır.

Məst olmadı, ancaq sevincdən uçmağa bir qanadı çatmırdı. Gedib o dünyanı görüb gəlmişdi sanki.

Bu qələbə «Səbail»i turnir cədvəlinin «zirzəmi»sindən 1 pillə yuxarı qaldırdı. İkinci hissənin axarı, düşünürəm ki, komandaya toxtaqlıq verəcək.

Özünəinamla yanaşı. Hər halda «Şamaxı»nı 3 xal qabaqlayırlar indi. Çempionatda qalmaq uğrunda əsas rəqibləri eniş yaşayır.

Bu da «Səbail» üçün ikinci üstünlükdür.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti