Azərbaycan klubunu "dağıdan" adam - HAMI TANISIN

4 May 2023 20:40 Səbail 6 985
Azərbaycan klubunu "dağıdan" adam - HAMI TANISIN

Bu gün "Səbail" Premyer Liqamızın bir çox klubunu qabaqlayır.

İstər maliyyə dayaqlarına, istər heyətinə, istərsə də infrastrukturuna görə.

Heç məşqçilər korpusu da pis deyil(di). Bakılılar mövsümə Mahmud Qurbanovla start vermişdilər. Amma qışda onunla yollar ayrıldı.

Qurbanovun rəhbərliyi altında çempionatda işlər yolunda tam getməsə də ölkə kubokunda mübarizə davam edirdi. Güclü "Sabah" sıradan çıxarılmışdı. Finala isə bir addım qalırdı.

Klub rəhbərliyi ötən ilin son günlərində gözlənilmədən baş məşqçini dəyişmək qərarına gəldi. Mahmud Qurbanovla yolları ayıran klub Şahin Diniyevi bu posta gətirdi.

Təcrübəli mütəxəssis karyerası ərzində böyük nəticələrlə yadda qalmasa da dəfələrlə kiçik büdcəli klublarda səviyyəli komandalar formalaşdıra bildiyini göstərib.

Bu dəfə büdcə kiçik olmasa da komanda orta səviyyədə idi. Ümid etmək olardı ki, Şahin müəllim bu işi rahat bacaracaq.

Hətta bunun üçün fasilədə daha iki sanballı legioner heyətə cəlb olundu. Söhbət David Qomis və Matiya Lyuyiçdən gedir.

Bir sözlə, yaxşı nəticələr üçün bütün addımlar atılır, amma pozitiv heç nə əldə etmək olmur. Komanda kubokda mübarizəni dayandırdı, Premyer Liqadan da kənarlaşmağın astanasındadı.

Deməli, məsələ heç də büdcədə, yaxşı futbolçuda, normal məşqçidə deyil.

Məncə, bu klubun dərdi-bəlası lap əvvələ - mövsümün startına gedib çıxır.

Rəsmilər Mahmud Qurbanovdan da öncə özlərinə elə "quyu" qazıblar ki, azalır bir il olsun hələ də o "quyu"da çıxa bilmirlər.

Söhbət ötən mövsümün sonu haqqı yeyilən, urvatsız şəkildə yola salınan sabiq baş məşqçi Aftandil Hacıyevdən gedir.

O, bu klub üçün təkcə yaxşı baş məşqçi yox, həm də fədəkar işçi olmuşdu.

Aylarla pul verilməyəndə o idi klub üçün səbr edən.

Transferlərə "büdcə yoxdur" deyiləndə o idi köks ötürən.

Futbolçular maaşların verilməməsinə etiraz edən də o idi sinəsini qabağa verən.

Sonda da bunların hamısını görməzdən gələn rəhbərlik Hacıyevə qapını göstərmişdi. "Pro" kateqoriyalı məşqçinin top-tüfəngi yox idi ki, sizə çevirsin. Haqqının yeyilməsinə üsyan etsin.

Siz hörmət etməsəniz də o, uzun illər yediyi çörəyə xatir susub, sadəcə getdi. Heç nə demədən, heç nə danışmadan, kimsəyə şikayət etmədən.

Amma onun yeyilən haqqı arxada qalan bir ilin bir günü də "Səbail"i rahat buraxmadı.

Boş yerə deməyiblər ki, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə.

Bax, həmin məzlum Aftandil Hacıyevdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"