Diniyev bütün "kartlar"ı açacaq

1 May 2023 16:00 Səbail 744
Diniyev bütün "kartlar"ı açacaq

Premyer Liqanın 32-ci turu çərçivəsində "Səbail" Qəbələyə yollanır.

Bu komandalar arasında oyunlar son həftələr adi hal alıb.

Son 2 həftədə tərəflər üçüncü dəfə üz-üzə gələcəklər. Ölkə kubokunun yarımfinal mərhələsindəki matçlarında bölgə klubu sevinən tərəf oldu - 3:2, 1:0.

Ümumiyyətlə, son 5 qarşılaşmada qalib gələn Elmar Baxşıyevin yetirmələri şübhəsiz bu matçın da favoriti hesab olunur.

Amma bir məqam bir qədər tərəddüt etməyə gərək duyur. Bu da qonaqların baş məşqçisi Şahin Diniyevin komandasını daha çox çempionat oyunlarına kökləməsindən gedir.

Ölkə kubokunun qazanmaq şanslarının az olduğunu yaxşı başa düşən təcrübəli mütəxəssisin bu addımı əslində məntiqlidir.

Hər iki cəbhədə eyni güc sərf etmək Premyer Liqada vəziyyəti daha da acınacaqlı edə bilərdi.

Amma kubok qarşılaşmalarını ikinci plana atan, daha çox ehtiyat qüvvələ ilə səfərə yollanan Bayıl təmsilçisi qarşılığında "Sabah" və "Neftçi" kimi iddialılarla oyunda 4 xal qazanmaqla vəziyyətin çıxılmaz hala gəlməsinin qarşısını almış oldu.

Hər iki oyunda məğlubiyyət qeydə alınsaydı ən yaxın pillədə qərarlaşan "Şamaxı" ilə aradakı fərqin 1 yox, 5 olması anlamına gələcəkdi. Son 5 oyunda 5 xalı aradan qaldırmaq isə elə də asan məsələ olmayacaqdı.

Bir sözlə, bu dəfə kubok matçlarından fərqli bir qarşılaşma bizi gözləyir.

Diniyev bütün "kartlar"ını açacaq. 50 % oynamaq gücü olan əsas oyunçularını da 100% motivasiya ilə meydana buraxacaq. Yetər ki, minimum bir xalla Bakıya qayıtsın.

Paytaxt klubu gücünü qorumağın ilk bəhrələrini görüb. Davamı Qəbələdə olmalıdır. Bacarıb-bacarmayacağını 90 dəqiqənin sonunda görəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti