7 futbolçunun MÜƏMMASI – Onlar niyə gizlədildi?

22 Aprel 2023 17:00 Səbail 912
7 futbolçunun MÜƏMMASI – Onlar niyə gizlədildi?

Premyer Liqanın sonuncu pilləsində qərarlaşan “Səbail” ölkə kubokundakı işini də çətinə saldı.

“Dənizçilər” “Qəbələ” ilə səfər matçının əvvəlində 2 top fərqi ilə önə keçsə də, qalibiyyət hesabını qoruya bilmədi – 2:3.

Oyunda diqqət çəkən məqamlardan biri Şahin Diniyevin əsas heyətdə etdiyi dəyişikliklər və bir sıra aparıcı futbolçuları Qəbələyə aparmaması idi.

Emil Balayev, Matya Lyuyiç, Petro Stasyuk ehtiyatda qalmışdısa, David Qomis, Maksim Çex, Franko Mazurek və Ağabala Ramazanov kimi əsas heyət üzvlərinin adı, ümumiyyətlə, iştirak ərizəsinə salınmamışdı.

Baş məşqçi Şahin Diniyevin dəyişikliklərlə bağlı qərarı ciddi şübhələrə yol açıb. Futbolsevərlər təcrübəli mütəxəssisin ölkə kubokuna ciddi önəm vermədiyini, əsas məqsədinin “Səbail”i Premyer Liqada saxlamaq olduğunu iddia edir.

Əslində, yaranmış vəziyyət məhz bu cür düşünməyə əsas verir. Finalı düşünən baş məşqçi niyə bu qədər dəyişlik etsin ki?

Diniyev Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı sualı cavablandırıb:

“Hər iki yarış bizim üçün önəmlidir. Kubokda irəliləmək şansımız varsa, bundan niyə yararlanmayaq? Hansı məşqçi titul qazanmaq istəmir ki?

Sadəcə, sıx qrafikdə çıxış edirik. Təsəvvür edin, 17 gün ərzində 5 oyun keçirməliyik. Bu isə üç gündənbir meydana çıxmaq deməkdir. Belə olduğu halda rotasiyalar etməyə məcburuq.

Üç gün əvvəl “Zirə”yə qarşı oynayan futbolçulara Qəbələdə da şans verib, üç gündən sonra yenidən “Neftçi”yə qarşı oynatmaq risk olardı.

Futbolçunun gücü və bərpası olduqca vacibdir. Belə olan halda məcburən dəyişikliyə əl atırıq. Heyətdəki rotasiyalar sırf təqvimə görəydi, başqa səbəb yoxdur.

Həm çempionatda, həm də ölkə kubokunda mübarizəni sona qədər davam etdirəcəyik”.

“Səbail” Premyer Liqanın 31-ci turunda “ASCO Arena”da “Neftçi”ni qəbul edəcək. Oyun aprelin 22-də saat 18.30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti