
"Neftçi" çox çətin dönəmə qədəm qoyub.
Premyer Liqada uğursuz mövsüm keçirən "ağ qaralar" ölkə kubokunda da özünü isbatlamağı bacarmadı.
Yarımfinalın ilk matçında "Turan Tovuz"a səfərdə 0:1 uduzan komandada ab-hava tamam korlanıb.
Bütün fikirlər yönəlib cavab qarşılaşmasına. Finala vəsiqə qazanılmasa mətbuatın tənqid dalğası, azarkeşlərin narazılığı pikk həddə çatacaq.
Bu gedişat yəqin ki, ən çox "Səbail" cəbhəsini sevindirir. Sonuncu pillədə qərarlaşan kollektiv bu tur "Neftçi"ni qəbul edəcək. Xal(lar) hava-su kimi vacibdir.
Şahin Diniyev ölkə kubokunda əsas futbolçularına istirahət verməklə bu görüşü düşünməsinin mesajını vermiş oldu.
Heyətdə ciddi itki yoxdur. Rumıniyalı kubok oyunun düşünərək daha çox ehtiyat qüvvəyə güvənəcəksə, Diniyev ideal onbirliyi meydana buraxa biləcək.
Tərəflər arasında arxada qalan 3 oyunda da qonaqlar inamlı qələbələr qazanıb - 4:0, 4:0, 3:1.
Diniyevin əlində yaxşı imkan var ki, həm darmadağınların qisasın alsın, həm də turnir cədvəlinin sonuncu pilləsindən qurtulsun.
XANOĞLAN İMANOV