Paytaxt klubu can hayında, baş məşqçisi "piy" axtarır

19 Aprel 2023 17:00 Səbail 1 054
Paytaxt klubu can hayında, baş məşqçisi "piy" axtarır

"Səbail" rəhbərliyinin qış fasiləsi öncəsi gözlənilmədən Mahmud Qurbanovu Şahin Diniyevlə əvəz etməkdə məqsədi uğurlu qrafik yaxalamaq idi.

Amma arxada qalan müddət təsdiqləyir ki, bu, boş xəyaldan başqa bir şey deyil.

Bu gün "Səbail" Premyer Liqada sonuncu pillədən həftələrdi qurtula bilmir. Bu qədər büdcəsi, legioneri olan komandanın ümidi qalıb yalnız yerlilərdən ibarət və əksəriyyəti təcrübəsiz gənclər olan "Şamaxı"ya. Bunun özü böyük fiaskodur.

Mahmud müəllim "Sabah"ı kubokdan kənarda qoyanda düşünmək olardı ki, paytaxt klubunun surpriz çıxışı növbəti mərhələdə də davam edəcək. Axı ən təhlükəli rəqib finala gedən yoldan təmizlənmişdi.

Deyəsən, Şahin müəllim bu fürsəti də asanlıqla əldən verəcək. Hər halda yarımfinal mərhələsinin ilk görüşündə yaşananlar belə deməyə əsas verir. Qəbələdə baş tutan ilk maçtda Səlahət Ağayevin növbəti kobud səhvlərindən sonra 2 topluq üstünlük əldə edən bakılılar bunu dəyərləndirməyi bacarmadılar. Ardıcıl buraxılan qollar məğlubiyyəti rəsmiləşdirdi - 2:3.

Hətta "qırmızı qaralar" ələ düşən fürsətləri sağa-sola xərcləməsəydi finala vəsiqəni elə ilk qarşılaşmadaca həll edə bilərdilər.

Maraqlıdır, "Səbail" bu gün "Şamaxı"nı qabaqlaya bilmirsə, kubokda finala çıxmaq yolunda ələ düşən bu cür imkanı boşa verirsə, Diniyevin işinin adı nədir?

Mətbuat konfransarında sual vermək, yoxsa futbol camiəsində işsiz qalan şəxslərin qeydinə qalmaq?

Məsələn, son mətbuat konfransında deyib ki, komandamız birinci diviziona düşsə, çox sayda oyunçumuz işsiz qalacaq.

Belə yerdə atalar yaxşı deyib: Keçi can hayında, qəssab piy axtarır. "Səbail" can üstədi, çempionatda qalmağın yolların axtarmalı olan adam da can hayındadır. Görəsən, birinci diviziona düşsək işçilərin aqibəti necə olacaq? Axı özü də həmin işçilərdən biridir.

Şahin müəllim, bu gün- sabah 57 yaşınız olacaq. Allah ömrünüzü daha da uzun etsin. Pensiyəyə çıxmağınıza da bir şey qalmayıb.

Məncə, məşqçilik karyeranızı başa vurub, Dövlət Məşğulluq Agentliyində işə düzələsiniz daha urvatlı olar.

Həm özünüz işsiz qalmarsınız, həm də birinci diviziona düşəcək Premyer Liqa klubunun işsiz əməkdaşlarına yardım etmiş olasınız. Yoxsa bu dərd nə sizə yaşamağa imkan verəcək, nə də işləməyə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda