O, niyə belə cəsarətsizdir və ya bu klubu bəladan qurtarmağın tək yolu

18 Aprel 2023 14:40 Səbail 865
O, niyə belə cəsarətsizdir və ya bu klubu bəladan qurtarmağın tək yolu

2017-ci ildən Premyer Liqada çıxış edən «Səbail» ən ağır mövsümünü keçirir.

Cari «futbol ili»nə Mahmud Qurbanovla başlayan Bayıl klubu yeni ildən bəri Şahin Diniyevlə yoluna davam edir.

İkillik müqaviləyə qol çəkmiş yeni çalışdırıcının gələn sezona burada başlaması nəticələrdən asılıdır.

«Dənizçilər» 21 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb və I Diviziona enməyə ən potensial namizəddir.

«Şamaxı» ilə bərabər elitada qalmaq məcburiyyətində qalan komandanın vəziyyəti öz xeyrinə dəyişdirmək çox çətin görünür.

Hər şeyə rəğmən, Şahin Diniyev nikbinliyini itirmir. O. axır 6 turda müsbət nəticələr qazanacağına hələ də inanır. Verdiyi açıqlamalarla futbolçularına ümid verən çalışdırıcı sözlü adama oxşayır.

Diniyev mətbuat vasitəsilə bəzi üstüörtülü mesajlar verməkdədir. O, «komandayla əlaqəli bəzi məsələlər var ki, mən onu burada açıqlaya bilmirəm» deməklə, əslində, klubun patronu Rauf Vəliyevi nələrdənsə xəbərdar etmək istəyir.

Görünür, işlər yaxşı getmədiyindən, «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri ilə təkbətək görüşməyi, üzləşdiyi problemləri dilə gətirməyə ürək eləmir.

Və bunun üçün məqamın yetişməsini gözləyir. Fikirləşir ki, qoy nəticələr düzəlsin, komanda Premyer Liqada qalsın, Vəliyevlə üzbəüz əyləşib olanları diqqətinə çatdırar.

Şahin Diniyevin bir dərdi var - Fərəc Əliyev və onun ətrafındakı şəxslər. Adını çəkdiyimiz idman direktoru AFFA-ya bağlıdır. Elə Diniyev də bura federasiya tərəfindən göndərilib.

Di gəl, bu, şəxslər arasında «soyuq müharibə»nin qarşısını almır, əksinə, onu da alovlandırır. Diniyevin məlumudur ki, Əliyev komandanın əcnəbi baş məşqçiyə tapşırılmasını istəyir.

Onun təyinatından öncə Kaxaber Sxadadze ilə danışıqların aparılmasından da xəbərdardır. Həmçinin bilir ki, namizədliyi gözdən keçirilən zaman idman direktoru lehinə səs verməyib.

Fərəc Əliyevin klub daxilində əleyhinə kampaniya apardığını, özünə yaxın saydığı bəzi şəxslərin əhatəsində arxasınca giley-güzar etməsi Şahin Diniyevə çatıb.

Ondan da xəbərdır ki, burada hər addımını güdürlər. Hətta gündəlik məşq vaxtı Bayıl stadionunun qapalı güşələrindən birinə toplayan Əliyev və adamları özləriyçün hansı qeydlər götürür, ASCO-ya hansı məlumatları ötürür.

Həmin şəxslərin içindən, belə adlandırmaq mümkünsə, baş məşqçiyə «işləyənlər», yəni, informasiya verənlər var. Odur ki, Diniyev hər dəfə qarşısına çıxanda üzünə gülən idman direktorunun əsl niyyətindən, gələcək planlarından vaxtında hali ola bilər.

Diniyev Vəliyevin qarşısına qoyduğu məqsədə çatarsa, önündə «geniş üfüqlər» açılacaq, meydanı genişlənəcək və istədiyini diktə etdirə biləcək.

Hə, o məqsədə çatsa… Bunun üçün əsas maneələrdən biri idarəçilik aparatıdır. Fərəc Əliyev ondan qabaq Aftandil Hacıyev və Mahmud Qurbanova da müxtəlif problemlər yaradıb, aranı qarışdıracaq addımlar atıb.

Qurbanov iş başında olduğu 7 ay ərzində azı 77 dəfə kollektivdaxili qalmaqal yaşayıb, müxtəlif futbolçularla münasibətləri korlanmaq həddinə çatıb.

Əksər oyunçuları ona qarşı qızışdıran, mətbuatın diqqətinin bu kimi olaylara yönəlməsinə şərait yaradan şəxs gərək elə Fərəc Əliyevin özü olsun.

Hər halda o, həmin müddətdə bir dəfə Qurbanovu müdafiə xarakterli açıqlamayla mediada çıxış etməyib. Həmişə yaxasını kənara çəkib və bununla hiss elətdirib ki, baş verən hadisələr, əslində, onun ürəyincədir.

Əliyev onun «əlinə oynayacaq» 1-2 yerli məşqçidən savayı, kimsəni «Səbail»in sükanı arxasında görməyi arzulamır. Hacıyev və Qurbanovdan sonra Diniyevin də iç «pressinq» altında sıxışması bundan qaynaqlanır.

O, gecikə bilər. Mayın axırını gözləsə, bəlkə də öz «axır»ını tezləşdirəcək. Bu üzdən, cəngavər libasını geyinməyə tələsməlidir ki, sonra başına və dizinə döyməsin.

Hacıyev və Qurbanov vaxtında belə etmədi, qaldılar kənarda. Diniyev, heç olmasa, xələflərinin başına gələnlərdən ibrət götürsün.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti