"Səbail" 6 turdu qələbə üzünə həsrətdir.
Mövsümün isə sonuna cəmi 8 tur qalır. "Zirzəmi"də qərarlaşan kollektivin təbii ki, ehtiyatdı yönlü-başlı xal ehtiyatı da yoxdur.
Premyer Liqada qalmaq uğurunda mübarizədə rəqiblər bir-bir təhlükəli yerdən başını götürüb qaçır.
"Turan Tovuz" bunu çoxdan edib. "Sumqayıt" Tovuz səfərində 6 xala bərabər 3 xalı qazanmaqla sonuncu pillədən 6 xallıq məsafəyə qədər uzaqlaşa bildi.
"Kəpəz" isə Tərlan Əhmədovun dediyi kimi "9 xallıq" oyunda Bayıl təmsilçisini 1 qolla mat qoyaraq aktivini qızıla bərabər 3 xalla zənginləşdirdi. Aradakı fərq isə yeddiyə kimi yüksəldi.
Ümid qalıb yalnız gənclərdən ibarət "Şamaxı"ya. Ki, 2 xal öndə olan bölgə klubu bəlkə uğursuzluq yaşamaqla Şahin Diniyevin yetirmələrinə yüksək liqada qalmaq üçün "yaşıl işıq" yandırmış ola. Açığı, oyun keyfiyyətinə, meydandakı mübarizə əzminə görə "şirlər" paytaxt təmsilçisini çox qabaqlayır. Ən azı indiki fərqi əldən verəcəkləri real görünmür.
Bir sözlə, bütün yollar indiki halda "Səbail"i aşağı liqaya aparır. Amma Diniyev çox optimistdir. Hər məğlubiyyətdən sonra mikrofon arxasına keçib "komandamız Premyer Liqada qalacaq" deyir.
Bir məşqçi üçün belə iddialı olması, ümidli danışması alqışa layiqdir. Lakin o inamı, ümidi futbolçulara ötürə bilməyəndən sonra həmin ümid də, inam da boş qoz qabığından başqa bir şey deyil.
O ki həvəslə zahirinə aldanıb əlinə alarsan ki, sındırıb ləpəsini yeyəsən. Sındıranda aşkar olar ki, içi puçdur. Diniyevin ümidləri kimi.
Belə yerdə yaxşı deyiblər - Avazın yaxşıdır, oxuduğun quran olsa.
XANOĞLAN İMANOV

