Bu komandaya çıldaqçı tələb olunur!

17 Mart 2023 22:20 Səbail 643
Bu komandaya çıldaqçı tələb olunur!

Premyer Liqada qalmaq dərdi çəkən klubların başında «Səbail» gəlir.

Haradan baxsaq, işləri fırıq görsənir.

Neçə həftədir qələbə ilə yenidən tanış ola bilmirlər. Şahin Diniyev isə deyir ki, həm onda, həm futbolçularında uduzmaq qorxusu var.

Bu sözün qabağında nə deyək, nə məsləhət görək! Day keçib, hörmətli baş məşqçi utanıb eləməsin, komandasının üzvlərini də yanına salıb aparsın çıldağa.

Diniyev 3 aydır buradadır, hələ də o qorxunu oyunçularının canından çıxara bilməyibsə, niyə də bir çıldaqçını özünə köməkçi götürməsin.

Onsuz da, bütün dost-tanışlarını yığıb başına, bir nəfər də elə birini tapsın, aylıq maaş kəssin.

Əşşi, belə alınmır da, zorla deyil ki! Həmin çıldaqçı qoy gəlsin, futbolçuları bir-bir çıldaq edib, içlərində kök salmış qorxunu çıxaracaq. Gör, ondan sonra «Səbail»in nəticələri düzəlir, ya düzəlmir.

Yüz faiz bilirəm ki, Diniyev korpusunda çıldaqçıya yer ayırsa, klubun həmişə cavan idman direktoru, icraçı direktoru, meneceri, falan-filanı Fərəc Əliyev də buna etiraz etməyəcək, yeni ideyanı ikiəlli dəstəkləyəcək.

Hətta 5000 manatlıq maaşının bir hissəsini o adama ayıracaq, 500 manatlıq benzin kartını da ona bağışlayacaq.

Öz aramızdır, hörmətli Fərəc bəy novator funksionerlərdəndir, bu cür təkliflərə arxasını çevirməz, dodağını büzməz, «oyy, çuşki» deməz, «bravo» deyər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti