Təmkin Xəlilzadə: "Penalti var idisə, demək ki, haqqımızı yeyiblər"

2 Dekabr 2019 22:38 Sabah 859
Təmkin Xəlilzadə: "Penalti var idisə, demək ki, haqqımızı yeyiblər"

"Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a(0:1) qarşı keçirilən matçdan sonra Sportinfo.az-a müsahibə verib:

- Qarşılaşma haqda fikrin necədir?
- Bu oyuna yeni baş məşqçi ilə hazırlaşmağa çox vaxtımız olmadı. Səhv etmirəmsə, 2-3 məşq birlikdə işlədik. Amma gözlədiyimdən də yaxşı alındı. Uşaqlar da çox əziyyət çəkdi, 90 dəqiqə mübarizə apardıq. Rəqibin kimliyindən asılı olmayaraq məqsədimiz üç xal idi. Hesabda geri düşəndən sonra bərabərlik qolunu vuraraq heç olmasa bir xal qazanmaq istəyirdik. “Qarabağ” sıradan rəqib deyil. Bu cür oyunla çempionatda yaxşı nəticələr qazana bilərik.

- Bəs, qələbə üçün nə çatmadı?
- Məncə, hücumda çoxala bilmədik. Top itkiləri az olsaydı, istədiyimiz hücumları qura bilərdik. Oyunun sonralarında penalti epizodu var idi. Əliyar Ağayevə yaxınlaşdım və soruşdum ki, “100 faiz gördün epizodu?”. O da gördüyünü dedi. Səbirsizliklə həmin epizodun təkrarını gözləyirəm. Penalti var idisə, demək ki, haqqımızı yeyiblər. Əgər penal olsaydı, ən azından bir xal qazana bilərdik. Epizoda baxmaq lazımdır.

- Yeni baş məşqçi komandaya hansı yenilikləri gətirib?
- Gəldiyi gündən meydanda kompakt oynayıb, xəttlər arası boşluqlara yol verməməli olduğumuzu deyib. Oyundan sonra baş məşqçi səhvlərimizi göstərəcək. “Qarabağ”a qarşı pis müdafiə olunmadıq, pis vuruşmadıq. Sadəcə qol çatışmadı.

- Bu mövsüm ilk dəfə idi ki, “Sabah”ın start heyətində 8 yerli futbolçu meydana çıxmışdı...
- Onsuzda komandamız yerlilərdən təşkil olunub. Düzdür, legionerlər də var. Amma kimin oynayıb, kimin oynamayacağına baş məşqçimiz qərar verir. Məncə, pis təsir bağışlamadıq.

- Heç iki sutka keçməmiş kubok oyununa çıxacaqsınız. Çətin olmayacaq?
-
Çətin olacaq. Amma bu bizim işimizdir. Indi evə gedəcəyik, 7-8 saat yatıb, sabah yenidən məşqə gələcəyik. Bizim işimiz budur.

- Qol vurmaqda çətinlik çəkirsiz. Problem hücum xəttindəki legionerlərdədir?
- Hendrik Ekşteyn, Ulisse Diallo və Amadu Diallonun çempionatında üç qolu var. Məncə, məhsuldarlıqları o qədər pis deyil. Bu gün hücumda Amadu ilə oynayırdım. Çox vaxt müdafiədə oynadığıma görə, epizoda girməkdə çətinlik çəkirdim. Sonradan meydana Hendrik Ekşteyn və Rocer Roxas da girdi. Bilmirəm vaxtımız çatmadı, yoxsa gücümüz, hər halda baş məşqçi səhvlərimizi göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti