“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas istirahət müddətindən səmərəli yararlanmağa çalışır.
Azərbaycan çempionu olan, ölkə kubokunu başı üzərinə qaldıran litvalı çalışdırıcı dincəlmək üçün isti ölkələrdən birinə yox, soyuq dövlətə üz tutub.
O, İslandiyaya yollanıb.
49 yaşlı mütəxəssis adada rastlaşdığı mənzərəli yerləri sosial şəbəkə hesabında paylaşaraq təəssüratlarını iki cümlə ilə bildirib:
“Ey İslandiya, məni müdafiəsiz yaxaladın. Gözəlliyin nəfəs kəsir”.
Dambrauskasın paylaşımı izləyici-azarkeşlərin marağına səbəb olub.
“Sabah”ın fanatları səbəbkara səslənərək Çempionlar Liqasının oyunları öncəsi doyunca dincəlməyi məsləhət görüb.
Dostları Valdasın bu cür istirahəti haqq etdiyini yazıb.
“Hayduk” azarkeşləri isə litvalını Xorvatiyaya qayıtmağa səsləyərək ona ehtiyac duyduqlarını etiraf edib.
“Valdas, “Hayduk”a qayıt”.
“Böyük məşqçi, sənə ehtiyacımız var”.
“ Akademik”, sənin üçün darıxmışıq”.
Valdas Dambrauskas 2021-ci ilin noyabr ayından 2022-ci ilin sentyabrına qədər Split şəhərinin təmsilçisinə rəhbərlik edib, 2021/22 mövsümündə Xorvatiya kubokunu qazanan komandanın baş məşqçisi olub.
“Hayduk” başa çatan mövsümdə Xorvatiya çempionatının yüksək dəstəsini 2-ci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

