Misli Premyer Liqasının çempionu “Sabah”,
Bizon Azərbaycan Kubokunun qalibi “Sabah”,
Əvəzedicilər Liqasının çempionu yenə “Sabah”.
2025/2026 mövsümü “Sabah” üçün həqiqətən də möhtəşəm alındı.
Təkcə əsas deyil, əvəzedici heyət, eyni zamanda, aşağı yaş qruplarındak digər komandalar da uğurlu çıxışları ilə diqqət çəkdi.
Hazırkı nəticələrin səbəbini yalnız bu gün axtarmaq düzgün olmaz.
“Sabah”ın uğurunun təməli illər öncə qoyulub. Düzgün qurulan sistem bu gün öz bəhrəsini verir. Nəticədə klubun bütün strukturları vahid mexanizm kimi fəaliyyət göstərir və inkişaf edir.
Komandanın oyun üslubu azarkeşlərə zövq verir. “Sabah”ın matçlarını izləyərkən darıxmırsan.
Sürətli hücumlar, etibarlı müdafiə, yarımmüdafiə xəttinin həm hücumda, həm də müdafiədə effektiv fəaliyyəti əsas üstünlüklərindəndir.
Ən maraqlı məqam isə odur ki, klubun bütün komandaları eyni sistem və fəlsəfə ilə çıxış edir. Bu isə peşəkar futbol idarəçiliyinin göstəricisidir.
Belə davam etsə, uzun illərdən sonra ölkəmizdə sadəcə komanda deyil, tam formalaşmış futbol klubu modeli görəcəyik.
“Sabah”ın İdarə Heyəti çox böyük olmasa da, kifayət qədər peşəkar insanlardan formalaşıb. Klub daxilində hər kəs öz işini dəqiq və məsuliyyətlə yerinə yetirir.
Futbolda uğur təsadüfi olmur. Bütün proseslər zəncirvari şəkildə bir-birinə bağlıdır.
Əgər hansısa sahədə boşluq yaranırsa, bu, ümumi nəticəyə də təsir edir. “Sabah” isə bu mövsüm demək olar bütün sahələrdə ideal sistem qurmağı bacardı.
Komanda bütün mövsümü eyni stadionda keçirdi.
Minimum xərclə ölkənin ən yaxşı meydançalarından biri məhz «Bank Respublika Arena»da qorunub saxlanıldı və mövsüm ərzində stadionla bağlı ciddi problem yaşanmadı.
Şüvəlanda yerləşən təlim-məşq bazası isə Avropa standartlarına cavab verir. Təsadüfi deyil ki, hətta baş məşqçi Valdas Dambrauskas da burada yaradılan şəraitin Avropanın bir çox klublarında olmadığını vurğulayıb.
«Sabah»ın akademiyasına yaradılan şərait də ölkənin ən yaxşılarından hesab olunur. Bu fikir təkcə sözlə deyil, aparılan monitorinqlərin nəticələri ilə də təsdiqlənir.
“Sabah” akademiyası bir çox göstəricilər üzrə rəqiblərini qabaqlayır. Media, marketinq və sosial şəbəkə idarəçiliyi də yüksək səviyyədə təşkil olunub.
Klubun prezidenti, rəhbərliyi və ən sıravi əməkdaşına qədər hər kəs peşəkarlıq nümayiş etdirir.
SPORTİNFO.AZ

