"Sabah" klubu ilə sabiq qapıçısı Yusif İmanov arasındakı qalmaqal böyüyür.
İlkin mərhələdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində “Sabah”ın Yusif İmanova 10 min manat ödəməsi barədə qərar çıxarmışdı.
Qərardan narazı olan klub AFFA Arbitraj Tribunalına müraciət etmişdi. Burada da “bayquşlar”ın şikayəti təmin edilmədiyi üçün son instansiya CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət olunub.
Bu barədə Sportinfo.az-a açıqlamasında qapıçının vəkili Elcan Həsənli məlumat verib.
“AFFA Apellyasiya Arbitraj Tribunalı qərarı qüvvədə saxladı. Bu qərarla razı qalmayan "Sabah" qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edib.
Hazırda iş İdman Arbitraj Məhkəməsindədir. Orada prosesə baxılaraq ilkin mərhələdə avans ödənişi müəyyən edilib.
Və tərəflərdən ödəniş edilməsi tələb olunub. Biz bu ödənişdən imtina etmişik.
Çünki məbləğ kifayət qədər yüksəkdir. Söhbət 23 min İsveçrə frankından gedir.
Bu da təxminən 50 min manat deməkdir. Bunun tərəflər tərəfindən yarıbayarı ödənilməsi təklif edilmişdi.
Biz bundan imtina etmişik. Bu halda ödənişin edilməsi qarşı tərəfdən tələb olunacaq. Yalnız bu məbləğ ödənildikdən sonra məsələyə baxılacaq”.
XANOĞLAN İMANOV

