Dekabrın 18-də çempionluq uğrunda mübarizə aparan komandalar – “Sabah”la “Qarabağ” üz-üzə gələcək.
Premyer Liqanın 2-ci turunda təxirə salınan qarşılaşma “Bank Respublika Arena”da baş tutacaq ki, oyuna hədsiz maraq var.
Hər iki komanda qələbəni hədəfləyib. “Tələbələr” qalib gələcəyi, 16-cı turda “Sumqayıt”ı da məğlub edəcəyi təqdirdə fasiləyə qış çempionu kimi yollanacaq.
“Sabah”ın aparıcı simalarından olan serbiyalı yarımmüdafiəçi Velko Simiç Sportinfo.az-a açıqlamasında qarşıdakı görüşlə bağlı danışıb:
“Qarabağ” barədə çox sözə ehtiyac yoxdur. Möhtəşəm komandadır, Avropada zəngin təcrübəyə sahibdir.
Göstərdikləri futbol da göz qabağımdadır. Lakin biz də hazırda yaxşı formadayıq.
Necə komanda olduğumuzu meydandakı oyunumuzla göstərməliyik. “Qarabağ”a böyük hörmətimiz olsa da, qələbəni düşünürük.
Doğma meydanda, öz azarkeşlərimizin önündə çıxış edəcəyik. Bacardığımızı ortaya qoymalıylıq.
Bunu edə bilsək, istəyimizə çatacağıq. “Qarabağ”ı udmaq üçün düzgün oyun planı, keyfiyyət və xarakter vacib şərtlərdir”.
“Bank Respublika Arena”da baş tutacaq oyunun start fiti saat 19:30-da çalınacaq.
HƏBİB

