“Sabah” Premyer Liqada növbəti 3 xalını aktivinə yazdı.
“Turan Tovuz”la səfər oyununda qazanılan qələbə “bayquşlar”ı bir günlük də olsa çempionatda turnir cədvəlinin zirvəsinə daşıdı.
Əvvəlki həftələrdə də, hətta “İmişli”yə məğlubiyyətdən sonra da “Sabah”da müsbət işartıların olduğunu, Valdas Dambrauskasın baxımlı futbol sərgiləyən komanda formalaşdırmaqda olduğunu yazmışdım.
Əlbəttə, həmin vaxt bəlkə də bu, bir qədər inandırıcı görünmürdü. Amma turlar keçdikcə litvalı mütəxəssisin Azərbaycana vaxt keçirmək üçün gəlmədiyi bəlli olur.
Dambrauskasın bir müsbət xüsusiyyəti də səmimi olmasıdır. Sakit xarakterli olsa da, mətbuat konfranslarında nəyisə “malalamağ”a çalışmır.
Ağa ağ, qaraya qara deyir. “Turan”la matçdan sonra da qələbəyə rəğmən bəzi gerçəkləri olduğu kimi dedi.
Məsələn, meydançanın ot örtüyünün vəziyyəti ilə bağlı dedikləri...
Sözə başlayarkən “mən burda daimi deyiləm” sözlərini qeyd etməklə bir növ, “ay millət, mən qələbəmi qazanmışam, bu gedişlə mövsümün sonunda istədiyim nəticəni də qazanacam, amma bu dediklərim özümə görə yox, sizə görədi” demək istədi.
Doğrudan da, Azərbaycanda meydançalarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Əksəriyyət bu nöqsanı uduzduğu və ya xal itirdiyi oyundan sonra dilə gətirirsə, Valdas Dambrauskas elə qalib gəldiyi oyundan sonra qabartmağı üstün tutdu.
O ki qaldı oyuna, məncə, “Sabah”ın əvvəlki turlarda sərgilədiyi oyunun bir qədər də ağıllı, səliqəli versiyasının şahidi olduq.
Dambrauskas artıq “Sabah”da öz sistemini oturdub. Klubun seleksiya xidmətinin yayda, xüsusilə yay fasiləsinin sonlarında etdiyi transferlər isə “nöqtə atışı” oldu. İndi bu “Sabah”ı öz məqsədlərinə çatmaq yolunda dayandırmaq çox çətin olacaq.
Məsələ qazanılmış qələbələrdə deyil. Qələbə bu gün var, sabah olmaya da bilər. Məsələ sərgilənən futbolda, aşkar görünən sistemdədir.
Bu gün “Sabah”ın əsas gücü meydanın mərkəzində olan – Velko Simiç, İvan Lepinitsa və Umarali Raxmonaliyev “trio”sundadır.
Amma “trio”nun yoxluğunda da onları əvəz edə biləcək Aleksey İsayev, Abdulla Xaybulayev, Ayaz Quliyev, hələ ki zədəsinin müalicəsi ilə məşğul olan Zineddin Uld Xaled kimi futbolçular var.
Bu turu zədə səbəbindən ehtiyat oyunçular skamyasından izləyən Aleksey “Neftçi” ilə oyunda əvvəlki formasını bərpa etməkdə olduğunu göstərib. Abdulla Xaybulayev isə öz əzmkarlığı, döyüşkənliyi ilə istənilən matçda “Sabah”ın dadına çata bilər.
“Turan”la oyunda hücum futbolu sərgiləyən komanda, meydanda üstün olan “Sabah” idi. Amma maraqlı olan məqam odur ki, oyunda ən çox sarı vərəqə alan komanda da “Sabah” oldu.
Matçın baş hakimi Əliyar Ağayev nə az, nə çox düz 6 dəfə (!) qonaqların əleyhinə əlini cibinə saldı.
Ev sahibi komanda isə cəmi 1 dəfə hakimin “sarı üz”ünü gördü. Bunu da bağlayaq meydan sahibi azarkeşlərin təzyiqinə...
İndi “Sabah”ı qarşıda mövsümün bəlkə də ən vacib oyunu gözləyir. “Bayquşlar” dekabrın 18-də, ilk turdan təxirə salınmış oyunda “Qarabağ”la üz-üzə gələcək.
Çoxu “Sabah”ın əsl gücünün bu oyunda bəlli olacağını düşünür. Amma hətta bu matçda qeydə alınacaq böyük hesablı məğlubiyyət belə “Sabah”ın hazırda doğru yolda olduğu gerçəyini dəyişməyəcək.
Ən azından görülən işlər, meydanda sərgilənən futbol bundan xəbər verir. İndiki gedişat isə onu göstərir ki, cümə axşamı “Bank Respublika Arena”da hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, “Sabah” mövsümün sonuna kimi ilk sıralar uğrunda mübarizəni davam etdirəcək.
Xəlil Sadıq

