"Sabah" mövsümdə ilk məğlubiyyətini "İmişli"dən alıb - 0:1.
Özü də doğma meydanda.
"Tələblər"in elə son məğlubiyyəti də odur.
Aran təmsilçisinə uduzduğu görüşdən sonra Valdas Dambrauskasın yetirmələri rəqib tanımır.
Biri ölkə kubokunda həmin "İmişli" olmaqla masazırlılar ardıcıl 13 görüşdü məğlubiyyət nədir bilmir.
Maraqlıdır, belə uzunmüddətli seriyanın sirri nədədir?
Sualımıza cavabında braziliyalı müdafiəçi İqor Noqeyra bunları dedi:
"Mövsüm uzun bir marafondur və biz həmişə hər oyuna ayrıca yanaşırıq. Fikrimcə, nəticələrimizin kökündə bu amil dayanır.
Bu motivasiyanı mövsümün sonuna qədər qorumağı ümid edirik".
Qarşıdan isə qarşısına çempionluq hədəfi qoyan "Turan Tovuz"la matç gəlir. Braziliyalı uzaq Tovuz səfərində də seriyanı davam etdirməkdə israrlı olduqlarını bildirib:
"Çempionatda hər oyun çətin keçir. Əlbəttə Tovuz səfəri də istisna olmayacaq.
Lakin həmişə olduğu kimi, bu oyunda da yalnız qələbə barədə düşünürük".
XANOĞLAN / SPORTİNFO.AZ

