Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev qış fasiləsində klubunu dəyişməyə hazırlaşır.
O, son 3 ildə formasını geyindiyi «Sabah»dan getmək niyyətindədir.
29 yaşlı orta sahə oyunçusu artıq qərarını verib və menecerlər vasitəsilə variantlar toplamağa başlayıb.
«Bayquşlar»la anlaşanadək Ukraynada «Minay»ın şərəfini qorumuş Nuriyevə bir neçə yerli və xarici komandadan maraq var. Yığmamızın üzvü münasib şərtlər daxilində karyerasını Avropada davam etdirmək fikrindədir.
Anatoli hazırda «Sabah»da mütəmadi oynamaq şansı əldə eləmir. Yayda komandanın sükanı arxasına keçmiş Valdas Dambrauskas yarımmüdafiəçiyə əsas heyətdə az-az yer verir.
Biz onu, adətən, ikinci hissədə meydana çıxan görürük. Nuriyevin pisinə gələn də budur - o, vaxtının çoxunu ehtiyat skamyada keçirməkdən yorulub.
2022-ci ilin iyununda Masazır təmsilçisi ilə 3 illik müqavilə imzalamış Anatoli Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib.
SPORTİNFO.AZ

