Premyer Liqada inamlı çıxışıyla seçilən “Sabah” Azərbaycan kubokunda növbəti mərhələyə adladı.
Dekabrın 3-də 1/8 final mərhələsində Qubada “İmişli”nin qonağı olan Masazır təmsilçisi qələbəyə sevinən tərəf oldu.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmasına baxmayaraq, əlavə olunmuş 30 dəqiqədə daha 1 qol vuran “tələbələr” hakimin final fitindən sonra zəfəri bayram etdi.
Əsas heyətin aparıcı üzvlərindən olan Umarali Raxmonaliyev Sportinfo.az-a açıqlamasında oyunla bağlı fikirlərini dilə gətirib:
“3 gün əvvəl “İmişli” ilə Premyer Liqada qarşılaşmışdıq. Bilirdik ki, bu cür rəqibə qarşı, bu cür meydanda bizim üçün çətin olacaq.
Qələbəyə layiq oyun göstərərək mərhələni adlamağı bacardıq. Baş məşqçinin dediklərini düzgün yerinə yetirsəydik və ələ düçən imkanları qola çevirsəydik, əlavə vaxta ehtiyac qalmayacaqdı.
Əsas vaxtda rahat qələbə qazanacaqdır. Budəfəki oyun çempionatdakından daha çətin və maraqlı alındı. Önəmli olan turu adlamaq ki, bunu da bacardıq”.
Özbəkistanlı yarımmüdafiəçi oyunun antiqəhramanı ola bilərdi. Hesab 1:0 komandasının xeyrinə olan anda – 89-cu dəqiqədə baş hakim Umaralinin cərimə meydançası daxilində topa əllə toxunduğunu əsas gətirib 11 metrlik cərimə zərbəsi təyin etdi.
Səbəbkar həmin epizodda Kamal Umudlunun yanlış qərar verdiyini iddia edib:
“Hakimin qərarı gülməlidir, bu, fəlakətdir. Topa nəinki əlim, heç barmağım da dəyməmişdi.
Özüm də bilmədən top gəlib başıma dəydi və məndən aralandı. Hakimə söz deyirəm, and içirəm, xeyri yoxdur.
VAR-da bir rakursdan baxdı və ona uyğun qərar qəbul etdi. Hətta baxdığı rakursdan belə, topun əlimə toxunmadığı görünür.
O cür epizodda necə penalti vermək olar, anlamıram. İnanın, hələ də şokdan ayılmamışam.
Allah eləməsin, oyunu uduzsaydıq, nə olacaqdı? Kim cavab verəcəkdi?”
HƏBİB

