Sabah”ın Parrisi kimlərin üzünü “ağ elədi” - VİDEO

18:00 Sabah 56
Sabah”ın Parrisi kimlərin üzünü “ağ elədi” - VİDEO

Ölkə kubokunun 1/8 final mərhələsinin 2 ən çox maraq doğuran cütlüyündən biri, heç şübhəsiz, “İmişli” – “Sabah” cütlüyü idi (digəri və ən əsası “Zirə” – “Neftçi” matçı idi).

Premyer Liqada “Sabah”a yeganə məğlubiyyətini yaşatmış “pələnglər” bir neçə gün öncə öz, ölkə çempionatında meydanında bu rəqibinə böyük hesabla uduzmuşdu.

Buna rəğmən, Masazır təmsilçisini Qubada asan oyunun gözləmədiyi aydın idi. “İmişli” bir neçə gün öncə böyük hesabla uduzsa da, rəqibinə yaxşı müqavimət göstərmişdi.

Oyunun ilk dəqiqələri bu gözləntiləri doğrultdu. Çempionat oyununda olduğu kimi bu qarşılaşmanın da ilk hissəsi qolsuz bərabərliklə nəticələndi.

Fasilədən sonra isə hücumlarını kəskinləşdirən “Sabah” Coy Lens Mikelslə hesabı açdı. Almaniyalı hücumçu “Sabah”ın məşqçilərinin hazırladığı “ev tapşırığı”nı məharətlə tamamladı.

Bundan sonra “Sabah” ardıcıl qol imkanları əldə etsə də, başda Mikels olmaqla Masazır təmsilçisinin hücum xətti bu imkanları sağa-sola xərcləməklə məşğul idi.

Bu yerdə futbolun məşhur deyimi yada düşürdü – sən qol vurmasan, sənə qol vuracaqlar. “İmişli” oyunun 89-cu dəqiqəsində bu deyimi meydanda doğrultdu.

Amma necə? Oyunun son dəqiqələrində “İmişli”nin hücumundan sonra “Sabah”ın cərimə meydançasında qarışıqlıq yarandı.

Bu zaman irəliyə doğru vurulan top qonaqların yarımmüdafiəçisi Umarali Raxmonaliyevin üzünə dəyərək kənara getdi.

Hakim oyunu davam etdirsə də, VAR epizoda müdaxilə edərək, əllə oyun şübhəsi ilə baş hakimi video təkrara baxmağa dəvət etdi.

Umudlu epizod təkrarına bir neçə dəfə baxdqıdan sonra “ağ nöqtə”ni göstərdi. Çox maraqlı məqam idi. Axı video təkrarda da topun Umaralinin əlinə yox, üzünə dəydiyi aşkar görünürdü.

Digər maraqlı məqam isə oyunun VAR hakimi – Fərid Hacıyevlə bağlıdır. Belə ki, Hacıyev çempionatın elə son turunda, “Turan Tovuz” – “Neftçi” matçında Vensan Abubakarın əllə oyununu onunla mübarizə aparan Hakmanın əllə oyunu kimi dəyərləndirərək,

“Turan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmişdi. Lakin VAR həmin anda düzgün müdaxilə edərək, Hacıyevin yanlış qərar verməsinə mane olmuşdu.

Bu dəfə isə Fərid Hacıyev özü VAR-da əyləşmişdi və baş hakimin belə qəribə qərar verməsinə şərait yaratdı.

Nə yaxşı ki, “Sabah” əlavə vaxtda qələbə qolunu vuraraq, böyük qalmaqalın qarşısını aldı. Amma vurmasaydı necə olacaqdı?

Yenə də hansısa qəribə hakim qərarına görə hansısa komandanın haqqına girildiyindən yazacaqdıq. Bunun olmaması üçün də bu cür epizodlarda maksimum ehtiyatlı olmaq lazımdır.

Ən azı videotəkrara baxıb düzgün qərar vermək elə də çətin olmamalıdır. Hakim həmin epizodda topun ələ yoxsa üzə dəydiyini müəyyənləşdirə bilmirsə belə, ən azından Umaralinin zərbə zamanı başının arxaya getməsindən topun üzə təmas etdiyini anlamaq olardı.

Nəysə...

Əsas odur, Kahim Parrisin qolu bu qərarı geniş müzakirəyə çıxarmamaqla baş hakim Kamal Umudlunun da VAR hakimlərinin də üzünü ağ elədi.

Xəlil Sadıq

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Xəbər Lenti