“Sabah”ın “İmişli” ilə oyun üçün Quba səfəri maraqla gözlənilirdi.
Səbəb heç də bu komandalar arasında xüsusi rəqabət olmasından getmir. “
İmişli” cari mövsümdə gözləniləndən qat-qat yaxşı nəticələr qazansa da, bu komandalar arasında görüşü maraqlı edən səbəb tam başqa idi.
Cari mövsümdə inamlı çıxışı ilə diqqət çəkən “Sabah” yeganə məğlubiyyətini məhz debütantdan, özü də doğma meydanda almışdı.
Üstəlik, bu komandalar Azərbaycan Kubokunun 1/8 finalında da rəqib olduğundan, bu görüşü həmçinin kubok matçı öncəsi test kimi də dəyərləndirmək olardı.
Hadisələri qabaqlayaraq qeyd edim ki, oyun gözlənilən ssenaridə getdi. “İmişli” yenə oyunu müdafiədən qurur, əks-hücumlarda iddialı rəqibini cəzlandırmağa çalışırdı.
“Sabah” isə irəli xətdə pressinqlə rəqibi səhv etməyə məcbur etməyə çalışır, irəli xətdə üstünlük əldə etməyə cəhd edirdi. İlk hissədə “İmişli” hesabı açsa da, VAR-ın müdaxiləsindən sonra qol ləğv edildi.
Oyundan sonra debütantın portuqaliyalı baş məşqçisi Kaşkilya epizoda şübhə ilə yanaşsa da, “İmişli”nin oyunçusunun dabanla topu ötürən zaman komanda yoldaşının ofsaydda olduğu aşkar görünürdü.
Yəni VAR-ın müdaxiləsi yerində və tam ədalətli idi. Qol qaydalar çərçivəsində vurulsaydı, “Sabah”ın işinin çox çətin olacağı dəqiq idi.
Belə olacağı halda, çətin ki kimsə “İmişli”nin futbolçularını müdafiə xəttindən çıxara biləydi.
Amma hər şey tam fərqli istiqamətdə getdi. Fasilədən sonra “Sabah” Amin Seydiyevin qolu ilə hesabda önə keçdi.
Çox keçmədi, “bayquşlar” hesab arasındakı fərqi bir azda artırdı. Komandanın başqa müdafiəçisi Stiv Solvet hesab arasındakı fərqi ikiyə çatdırdı.
Bundan sonra “İmişli” bütün hücum potensialını meydanda qoymağa çalışdı. Lakin “Sabah” arxa xətti maksimum diqqətli oynadı və debütantın növbəti sensasiyasına şans vermədi.
Oyunun son dəqiqələrində isə “Sabah”ın vingeri Kahim Parris matçda son nöqtəni qoydu.
“Sabah” “İmişli” ilə oyunda böyük hesabla qalib gəlsə də, mükəmməl oyun sərgilədiyini demək olmaz. Elə komandanın baş məşqçisi Valdas Dambrauskas da oyun sonrası mətbuat konfransında çıxışında buna eyham vurdu.
“Sabah”ın yaxşı potensialı var. Komanda hazırda 3-cü pillədə qərarlaşıb.
Çempionatda cəmi 1 məğlubiyyəti olan 3 komandadan biridir (“Qarabağ” və “Zirə” ilə birlikdə). “Sabah” “Qarabağ”dan sonra çempionatda ən az qol buraxan ikinci komandadır – 6 qol.
Ən yaxşı top fərqində də yalnız Ağdam təmsilçisindən geri qalır (+13 top).
“Sabah” yaxşı və ya pis oynamasından asılı olmayaraq, liqada xalları toplamaqda davam edir. İddialı komandalar üçün də əsas olan məhz budur.
İndi turnir cədvəlinin aşağı pillələrində qazanılan hər qələbə mövsümün sonunda qızıl dəyərində olacaq.
Bu oyundakı nəticəyə baxmayaraq, kubok oyununda yenə gərgin mübarizənin şahidi olacağımız dəqiqdir.
OSMAN

