"Sabah"ın yarımmüdafiəçisi Abdullah Xaybullayev Premyer Liqanın 13-cü turunda "İmişli"ni məğlub etdikləri (3:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Oyun barədə nə deyə bilərsən?
- Hesaba baxmayaraq, çətin oyun oldu. Rəqib arxa xətdə diqqətli oynayırdı. Təsadüfi deyil ki, ilk hissə bərabərliklə nəticələndi. İkinci hissədə təzyiqi bir qədər də artırdıq və bizə lazım olan qolları vurduq. Qalib gəldiyimizə görə şadam.
- Mövsümdə ilk və yeganə məğlubiyyəti "İmişli"dən almısınız. İrihesablı qələbə ilə qisas aldığınızı demək olar?
- Biz hər oyunumuza qələbə üçün çıxırıq. İlk oyunda hansı nəticənin qeydə alınmasının bu məqsədə heç bir təsiri yoxdur. Əlbəttə ilk matçda qeydə alınmış nəticə bu matça daha diqqətlə yanaşmağımızı tələb edirdi. Fikrimcə, komanda olaraq bu oyunda üzərimizə düşəni yerinə yetirdik.
- Bu rəqiblə kubokda da üz-üzə gələcəksiniz. Belə qələbədən sonra üstünlüyün siz tərəfdə olacağını demək olar?
- Hər oyun digərindən fərqlənir. Bayaq dediyim kimi, bu oyun hesaba rəğmən asan keçmədi. Bu qələbənin kubok oyununa hər hansı təsiri olacağını gözləmirəm. Bu matç artıq geridə qalıb. İndi bu matçı unudub, tam olaraq qarşıdakı kubok matçına köklənməliyik.
- Quba Olimpiya Kompleksinin stadionunun örtüyündən şikayətlər çoxdur. Meydanda sizə nə kimi problemlər yaradırdı?
Əlbəttə, meydançanın vəziyyəti ideal deyildi, bu da oyuna təsir edirdi. Rəqib bu meydanda daha çox oyun keçirdiyindən onlar nisbətən buna öyrəşmişdilər. Bizim üçün isə bir qədər çətin idi.
XANOĞLAN İMANOV

