“Sabah”ın sabahı necə görünür?

17:40 Sabah 125
“Sabah”ın sabahı necə görünür?

Kim “Sabah”ın “Şamaxı” ilə oyunda rahatca 3 xalı cininə qoyacağını düşünürdüsə, yanılırdı.

Bunun dünən keçirilmiş matçıən yekun hesabı da sübut etdi – 0:0.

Ayxan Abbasovun “Şamaxı”sı hələ ötən mövsümdən iddialı rəqibləri üçün “asan yem” olmayacağını sübut etmişdi. Bunun ən çox acısını çəkən iddialı isə elə “Sabah” olmuşdu.

Bu komandalar arasında ilk dövrədə baş tutmuş oyunda “Sabah” səfərdə “Şamaxı”dan üstün olmağı bacarmışdı – 2:1. Amma hətta həmin oyunda belı “bayquşlar” azca sayıqlığı itirsəydi, xal itkisi ilə barışmalı olacaqdı.

Dünən “Bank Respublika Arena”da keçirilən oyun “Şamaxı”nın fəallığı ilə başlasa da, sonradan “Sabah” üstünlüyü ələ aldı. Elə oyunun statistik məlumatlarında da bunu görmək mümkün idi.

Topa sahib olma tam şəkildə “Sabah”ın tərəfində idi. Sadəcə, Valdas Dambrauskasın komandası son nöqtəni qoymağa çətinlik çəkirdi.

Meydanda sanki ilk dövrədəki oyunun təkrarı gedirdi. Sadəcə, ilk matçda “Sabah”ın hücum xətti “Şamaxı”nın verdiyi boşluqlardan (bunu əldə etmək çox çətin məsələdir) maksimum istifadə etmişdisə, bu matçda buna “dirəklər” mane oldu.

Yekunda hər iki komanda meydandan bir xalla ayrıldı. İddiasına, oyunda üstünlüyünə və doğma meydanda oynamasını nəzərə alsaq, bu oyunda qeyd alınmış heç-heçəm “Sabah” üçün xal itkisidir.

Amma “Şamaxı”nın cari mövsümdə digər iddialı komandalara vurduğu badalaqları nəzərə alsaq, bunu “Sabah” üçün ciddi itki saymaq olmaz.

Yəni onsuz da, “Şamaxı” çempionatın ilk dövrəsində iddialılardan “Neftçi”dən də, “Araz-Naxçıvan”dan da, hətta “Qarabağ”dan da xal almağı bacarmışdı.

İrəliləyən həftələrdə bu “qurbanlar”ın sırasına başqa iddialıların da qoşulması mümkündür. Bu baxımdan, “Sabah” bu oyundakı heç-heçə ilə ciddi bir şey itirmədi.

Komanda hazırda turnir cədvəlində 4-cü pillədə yer alsa da, itirilməyən xallara görə 2-cidir. Çünki Valdas Dambraukasın komandası rəqiblərə nisbətdə bir oyun az keçirib.

Statistik göstəricilərdə də “Sabah”ın nəticələrini yaxşı saymaq olar. Masazır təmsilçisi çempionatda ən az qol buraxan (“Qarabağ”dan sonra) ikinci komandadır – 6 qol.

“Sabah” Premyer Liqada ən azı uduzan 3 komandadan biridir – 1 məğlubiyyət (“Qarabağ” və “Zirə” ilə birlikdə).

Keçirdiyi oyunların əksəriyyətində rəqiblərindən üstün olması, həmçinin mövcud statistik göstəricilər “Sabah”ın sabahı barədə müsbət düşünməyə əsas verir. Reallığın necə olduğunu isə qarşıdakı turlarda görəcəyik.

OSMAN

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...