"Sabah” uğurun “resept”ini tapıb?

16:00 Sabah 285
"Sabah” uğurun “resept”ini tapıb?

Uğurlu olmağın “resept”i baxımlı oyunla qələbə qazanmaq deyil, hətta zəif oynadığın matçdan da 3 xalı çıxarmaqdır.

Bu “resept”ə əməl edən məşqçilər CV-nə kubokları, qələbələri yazdırmağa nail olurlar.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın da aktivində kifayət qədər titullar var, amma hazırkı komandasına gələndə bir sual hamını düşnüdürürdü – litvalı mütəxəssis “bayquşlar”ın qeyri-stabil nəticələrinin qarşısını ala biləcəkmi?

“Sabah” hər zaman – hətta tarixinin pik dövrünü yaşadığı Murad Musayevin dönəmində belə turnir cədvəlinin aşağı pilləsində yer alan komandalarla oyunlarda sürpriz xallar itirirdi.

Bəlkə də “Sabah”ın qısa tarixi ərzində ən yaxşı mövsüm olan 2022/23 mövsümündə çempionluğun əldən çıxmasında bu “büdrəmələr”in də rolu olmuşdu.

Komanda cari mövsümə hər zaman “ilişdiyi” “Şamaxı” üzərində səfər qələbəsi ilə başladı.

Lakin “İmişli” ilə gözlənilməz ev məğlubiyyəti hər kəsin beynində yenə bir sualı oyatmışdı – doğrudanmı “Sabah” keçmiş şakərindən əl çəkə bilməyib?

Amma növbəti turlardakı oyunlar bizə tam fərqli mənzərəni göstərdi. “Sabah” bu məğlubiyyətin ardından “Turan Tovuz” və “Zirə” kimi əsas rəqibləri ilə oyunlarda çox əziyyət çəkmədən qələbə qazandı.

“Sumqayıt” və “Araz-Naxçıvan”la oyunlarda ədalət təmsilçilərinin də rolu ilə qələbələr son anda əldən çıxsa da, bu oyunlarda da heç şübhəsiz, “Sabah” qələbəyə əsas layiq olan tərəf idi.

Çoxu diqqət yetirməsə də, cari mövsümün ən yaxşı futbol sərgiləyən komandalarından olan “Qəbələ” ilə oyun da “Sabah” üçün SOS siqnalı çalırdı.

“Qırmızı-qaralar” cari mövsümdə baxımlı oyuna rəğmən müsbət nəticələr qazana bilmirdi və bu baxımlı oyun gec-tez kiminsə başında “çatlamalı” idi.

“Sabah”ın adətən aşağı sıralarda yer alan komandalarla oyunlarda büdrəməsini nəzərə alsaq, bu komandanın “Sabah” ola biləcəyi ehtimalı artırdı.

Oyun gözlənilən kimi keçdi, “Qəbələ” bu matçda irəli atılır, xal qazanmaq üçün əlindən gələni, hətta bəzi epizodlarda gəlməyəni də etməyə çalışırdı.

“Sabah” bu oyundan əvvəlki, daha iddialı rəqiblərlə matçlardakı parlaq oyununu sərgiləməsə də, xal xanasına yenə 3 xalı əlavə etməyi bacardı.

İndi qayıdaq, yuxarıda vurğuladığım “resept”ə - iddialı olmaq üçün hətta pis oynadığın oyunlardan da 3 xalı çıxarmağı bacarmalısan.

“Sabah” “Qəbələ” ilə oyunda məhz buna nail oldu.

Sabah heç kim bu matçda kimin necə oynamasını xatırlamayacaq – yaddaşlarda qalan qazanılan və ya itirilən xallar olacaqdı ki, “Sabah” bu məsələdə itirənlərdən olmaqdan qaçmağı bacardı.

Bir maraqlı nüansı da qeyd edim - “Sabah” bu mövsümdə göstəricilərinə görə ən yaxşı ikinci komandadır. “Bayquşlar” liqada ən az qol buraxan (5 qol) və ən yaxşı top fərqinə malik (+8) ikinci komandadır.

“Sabah” hər iki göstəricidə sadəcə “Qarabağ”dan geri qalır (müvafiq olaraq, buraxılmış 3 qol və +12 top fərqi).

Maraqlıdır ki, ən yaxşı göstəriciyə malik bu iki komanda da rəqiblərinə nisbətdə 1 oyun az keçiriblər. Öz aralarında baş tutacaq bu oyunda tərəflər bu göstəriciləri bir qədər də xeyirlərinə dəyişə bilərlər.

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti