"Sabah"ın yarımmüdafiəçisi Tellur Mütəllimov Premyer Liqanın 16-cı turunda "Qarabağ"la bərabərə bitən (1:1) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.
- Ağır Tovuz səfərindən sonra "Qarabağ"la oyun necə keçdi?
- Düz qeyd etdiniz. Tovuz səfəri çox ağır keçmişdi. Süni örtüklü meydanda 120 dəqiqə oyandıqdan sonra bərpa olunaraq "Qarabağ" kimi rəqiblə oyuna çıxmaq asan deyildi. Buna baxmayaraq görüşə yaxsi hazırlamışdıq. Rəqib barədə xüsusi nəsə deməyə ehtiyac yoxdur. "Qarabağ"la görüşlərimiz hər zaman maraqlı alınır. Bu dəfə də istisna olmadı. Məncə, yaxşı oynadıq. Azarkeşlər də maraqlı oyunun şahidi oldular.
- Hesabda üstün tərəf idiniz. Fərqi artırmaq imkanlarınız da oldu. Sona kimi qələbə hesabını qorumağa nə mane oldu?
- Bu futboldur. Düzdü, hesabı biz açdıq. Amma eyni zamanda rəqibin də ikinci hissədə bir neçə yaxşı fürsəti oldu. Fikrimcə, heç-heçəni yaxşı nəticə saymaq olar.
- Vasili Berezutskinin gəlişindən sonra nəticələrdə müsbət dinamika hiss olunur. O, komandada nəyi dəyişə bilib?
- Hər birimiz komanda olaraq yalnız qələbəyə köklənmişik. Hər bir məşqçinin öz yanaşması var. Həmçinin də Vasili Berezutskinin. Komandanın hər bir futbolçusunda uğura inam var. Bilirik ki, qarşıya qoyulan hədəflərə çatacaq potensialımız var. İnanıram, bunu Berezutski ilə bacaracağıq.
XANOĞLAN İMANOV