"Bir çox şirkətlərlə danışıq apardıq, faydası olmadı"

12 Oktyabr 2020 21:40 Region Liqası 792
"Bir çox şirkətlərlə danışıq apardıq, faydası olmadı"

Region Liqasının ikiqat qalibi, turnirin keçirildiyi iki ildə çempionluğu heç kimə güzəşt etməyən “Uğur” yeni mövsümdə iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, Sumqayıt təmilçisi dağılıb.

Bu haqda məlumatı komandanı iki dəfə çempionluğa daşıyan baş məşqçi Qəzənfər Abbasovdan aldıq. Qəzənfər bəy bunu maliyyə problemi ilə əlaqələndirdi:

“Komanda 4 ilə yaxın fəaliyyət göstərdi. Bunun iki ilini Region Liqasında çıxış etdik və ardıcıl iki dəfə qalib olduq.

Ancaq bu il maliyyə problemi səbəbindən komanda fəaliyyətini dayandırdı. Futbolçularımızın çoxu başqa klublara üz tutublar. Vəsait olmadığından bu addımı atmağa məcbur olduq.

Yeni sponsorlr cəlb etmək yönündə hansı addımları atdıq? Bu illər ərzində çox adama müraciət etdik, bir çox şirkətlərlə danışıq apardıq. Ancaq faydası olmadı.

Pandemiya şirkətlərə, iş adamlarına maliyyə cəhətdən ciddi zərbə vurub. Bütün bunları nəzərə alıb yeni mövsümlə bağlı heç kimə müraciət etmədik.

Onsuz da bizi tanıyırlar, uğurlarımızdan xəbərdardılar. Kiminsə marağı olsaydı, komandaya sponsorluq etmək istəsəydi, maraqlanardı, kömək göstərərdi.

Gələcəkdə necə olacağını bilmirəm. Pul tapa bilsək, növbəti mövsümdə yenidən Region Liqasında mübarizəyə qoşula bilərik”.

Abbasov əsas komandanın dağıldığını bildirsə də, “Uğur”un iki yaş qrupunun AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edəcəyini söylədi: “Əsas komandamızın dağılmasına baxmayaraq, uşaq futbolunda təmsil olunacağıq. “Uğur”un U10 və U-11 komandası liqada iştirak edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti