"Sportinfo" bu faktı aşkar etməsəydi, heç kim həqiqəti bilməyəcəkdi" - Klub prezidenti

14 May 2023 14:50 Region Liqası 1 406
"Sportinfo" bu faktı aşkar etməsəydi, heç kim həqiqəti bilməyəcəkdi" - Klub prezidenti

Bu gün Region Liqasında sonuncu yarımfinalçının adına aydınlıq gələcək.

«Çinar» (Zəngilan), «Arpaçay» (Naxçıvan) və «Qusar»dan sonra dördüncü xoşbəxt ya «Marxal» olacaq, ya da «Xəzər Lənkəran 42».

Tərəflər arasında keçirilən ilk matçı Şəki təmsilçisi qazanıb - 1:3.

Bu gün «Xəzər Lənkəran» Mərkəzi Stadionunda təşkil olunacaq cavab qarşılaşmasını ikiqat əhəmiyyətli edən AFFA İntizam Komitəsi son qərarıdır.

Belə ki, əsasnamənin 5.3-cü maddəsinin tələbinin pozulmasına görə “Xəzər Lənkəran 42”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Müəyyən olunub ki, cənub klubu ¼ final mərhələsinin səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Bu faktın üstünü Sportinfo.az açıb. Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin iyulunda Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

"Xəzər Lənkəran"ın yetirmələri bu ilin yanvarında Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz.

İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 1 ili professional klubda forma geyinməməsi tələb olunur. Elvinlə İlyas isə cəmi 4 ay öncə Tacikistandan geri dönüb.

"Marxal"ın prezidenti Elgün Hüseynov saytrımıza açıqlamasında "Xəzər Lənkəran 42"nin yarışdan kənarlaşdırılmasını gözlədiklərini, amma AFFA-nın son qərarından o qədər də narazı qalmadıqlarını bildirib:

"Ədalət tam bərpa olunsaydı, lap çox sevinərdik. Çünki həmin futbolçular bu mərhələdən əvvəl "Ağsu 06" ilə oyunlarda da meydançaya çıxıblar.

Bildiyimə görə, "Ağsu 06" bu hadisədən AFFA-ya şikayət etməyib. Ancaq biz AFFA-ya məktub yazdıq.

Rayonumuzun deputatları Əli Məsimli və Vüqar İsgəndərovdan kömək istədik. Onlarla tez-tez əlaqə saxladıq, bu məsələni nəzarətdə saxlamalarını xahiş etdik.

Həmçinin rayonun idman idarəsinin rəisi Ariz Əhmədov bizə dəstək oldu. Hamısı əlindən gələn dəstəyi verdi.

Heç şübhəsiz, mən birinci növbədə Sportinfo.az saytının kollektivinə öz dərin minnətdarlığımı bildirirəm. Bu informasiyanı sizin saytınız üzə çıxardı.

«Sportinfo» faktı aşkar etməsəydi, heç kim həqiqəti bilməyəcəkdi. Düzgünlük naminə böyük iş gördüz.

Bu hadisə bir daha təsdiqlədi ki, «Sportinfo» ədalətli və operativ saytdır, həmişə doğruları yazır.

İndi biz də çalışacağıq ki, Lənkərandan sərfəli nəticəylə geri dönək və yarımfinala vəsiqəni rəsmiləşdirək. Komandanı min bir əziyyətlə yaratmışıq və çox çətinliklərdən keçərək bu mərhələyə çatmışıq.

Dayanmaq istəmirik. Məqsədimiz Şəkinin futbol tarixində yeni səhifə açmaqdır».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”