Məğrur "Araz"ın qəhrəmanlar önündə "Xan" zəfəri

16 May 2022 23:00 Region Liqası 760
Məğrur "Araz"ın qəhrəmanlar önündə "Xan" zəfəri

Dünən yolum yenə "ASK Arena"ya idi. Bu, adıçəkilən məkana son bir ayda ikinci gedişimdir.

Səbəb eyni idi - "Xan Lənkəran"nın oyunu.

Öncəki matçda "Füzuli" ilə qarşılaşan cənubluların budəfəki rəqibi "Araz Naxçıvan"dı. Qalib Region Liqasının finalına vəsiqə qazancaqdı.

Öncədən təhmin etdiyim kimi tribunalar yenə fanat əlindən çoşub-daşırdı. Bu dəfə "Xan Lənkəran"ı dəstəkləməyə ötən matçdan da çox tərəfdar gəlmişdi.

Media ilə qarşı tribuna büsbütün "Xan"ın azarkeşləri idi. Fakellər, tüstülər və kağız lentlərlər "silahlanan" tərəfdarlar matça əlavə rəng qatırdılar.

"Araz" da dəstəksiz qalmamışdı. Düzdü, rəqibinə nisbətdə komandanı dəstəkləməyə minimum 2 dəfə az azarkeş gəlmişdi. Amma önəmli olan yetərli dəstək vardı. Kollektiv meydanda özünü tək hiss eləmirdi.

"Araz"ın tərəfdarları arasında Vətən Müharibəsinin qazilərinin olması diqqətdən qaçmadı. Qəhrəman igidlərimiz qonaq tribunaya ayaq basınca alqış sədaları və "Şəhidlər ölməz, vətən bölünməz" şuarı xoş mənzərəyə səhnə oldu.

Görüşün start fitindən əvvəl dövlət himnimiz səsləndirildi. Bu əsnada Lənkərandan gələn növbəti azarkeş qrupu stadiona daxil olunca tribunada olan həmkarlarının himnə məhəl qoymadan onları alqışlaması, təzahuratlar səsləndirməsi hamıda bir narahatlıq və təəccüb yaratdı. Amma yaxşı ki, dövlət himninə belə hörmətsiz yanaşma uzun çəkmədi. Cəmi bir neçə saniyə sonra sakitlik bərqərar olundu.

Matç nominal meydan sahiblərinin üstünlüyü şəraitində start götürdü. Əbəs deyil ki, ilk qol da onlardan gəldi. Yenə səhnəyə komandanın bombardiri Röyal Nəcəfov çıxdı. Sonrakı dəqiqələrdə qapılar qarşısında real qol imkanı yaranmayınca komandalar fasiləyə bu hesabla yollanmalı oldular.

Fasilədə qonaqların baş məşqçisi Azər Bağırov yetirmələrinə nə dedi, nə demədisə meydanda fərqli "Araz Naxçıvan"a şahidlik etdik. Qısa müddətdə iki qol vuran komanda hesabda önə keçdi.

Bundan sonra "Xan Lənkəran"da bir dağınıqlıq yarandı. Dəqiqələr ötdükcə komandadakı çaşqınlıq daha da artmış oldu. Məşqçi müdaxiləsinə mütləq ehtiyac vardı. Amma türkiyəli mütəxəssis heç cür öz varlığını göstərib, komandanı toparlaya bilmədi. Əksinə təcrübəli Bəxtiyar Soltanovu meydandan almaqla sağ cinahdakı aktivliyi azaltmış oldu.

Onun həmkarı isə ağıllı əvəzetmələrlə oyun nizam-intizamı qorumağı və yaxşı müdafiə olunmağı əla bacardı. Hətta sona 15 dəqiqə qalmış komandası bir nəfər azlıqda qalsa da meydanda bu fərq hiss olunmadı. Hələ sona yaxın iki epizodda Orxan Əliyev əla əks-hücumu qola çevirməyi bacarmadı. Beləcə sona kimi hesab dəyməyincə finala adlayan tərəf "Araz Naxçıvan" oldu.

Məğlubiyyətdən şokda olan cənublu tərəfdarlar əsəbi halda tribunaları tərk etdilər. Bu əsəbdən irəli gələrək hətta polislə onlar arasında bir gərginlik də yaşandı. Amma mübahisə böyümədən yatırıldı. Elə belə gərgin, maraqlı matça yaraşan gözəl sonluq da bu olmalı idi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti