Bəzən pis nəticələrini görürsən, futbolçularla kobud/sərt rəftarı barədə eşidirsən, məcbur olursan ki, onu qınayasan, tənqid atəşinə tutasan, istefaya səsləyəsən.
Bir də baxırsan ki, yox e, uğursuzluğun yeganə müqəssiri kimi onu nişan vermək insafdan deyil.
Kaxaber Sxadadzedən danışıram.
«Sumqayıt»la son qarşılaşmanı misal çəkə bilərəm. «Qəbələ» oyunu əvvəldən-axıra qədər yaxşı keçirdi, üstün təsir bağışladı, xeyli qol vəziyyətləri yaratdı. Ərinmədim, epizodları saydım,
«Qəbələ» iki-üç matçda qələbə qazanmağa bəs edəcək qədər fürsət yaxaladı.
Boş qapıya düşə bilmədilər ey, boş qapıya! İsmael Akinadenin qapıçını da keçib, adını tabloya yazdırmağı bacarmadığı fraqmenti görəndən sonra Kaxaya ürəkdən bir haqq qazandırdım.
Öz-özümə dedim ki, kişi, bunlara nə edirsən, düz edirsən, hələ az edirsən!
Gürcü oyunu ayaq üstündə keçirdi. Amma nə kimisə söyürdü, nə də təhqir edirdi. Ara-sıra qışqırır, yenə sakitləşirdi.
Yox, bu, mənim tanıdığım Kaxa deyildi. Görünür, «yuxarı»dan tapşırıq almışdı - bu dəfə futbolçuları təzyiq altında saxlama, görək, nə olur.
Gördük nə olduğunu. «Qəbələ» şansız bir məğlubiyyət alaraq, 11-ci pillədən qurtulmaq fürsətini göyə uçurtdu.
KAMİL

