Yeni ilə ardıcıl 2 qələbə ilə başlayan “Qəbələ”nin işləri qaydasında getmir.
“Qırmızı-qaralar” Premyer Liqada 7, Azərbaycan kubokunda 2, ümumilikdə 9 oyundur qələbənin nə olduğunu bilmir.
Qarşıdakı rəqib isə elitanın 3-cüsü, avrokubok iddiaçısı “Turan Tovuz”dur.
Son iki matçda qapısından 10 top buraxan bölgə təmsilçisinin iddialı rəqibə qarşı necə oynayacağı və meydanı hansı nəticə ilə tərk edəcəyi maraq doğurur.
Sportinfo.az-a açıqlama verən “Qəbələ”nin hücumçusu Ismael Akinade T1ovuz təmsilçisi ilə qarşılaşmadan gözləntilərini dilə gətirib:
“Turan Tovuz” yaxşı təşkilatlanmış güclü rəqibdir. Müdafiə xəttində ucaboy futbolçuları var.
Hücumlar zamanı təhlükə yaratmağı bacarırlar, standart vəziyyətlərdən fərqlənirlər. Bir dəfə onlara qarşı oynamışıq.
Nəyə qadir olduqlarını bilirəm. Futbolda gözlənilməzliklər çoxdur.
Ötən turda “Kəpəz”lə qarşılaşmada əksəriyyət “Turan Tovuz”un qələbə qazanacağını təxmin edirdi. Lakin matç heç-heçə başa çatdı.
Bu, onu göstərir ki, əzmkarlıq göstərəndə, az səhv edəndə istəyə çatmaq olur.
Bizim üçün çətin olacağı sirr deyil. İstənilən halda meydana qələbə üçün çıxacağıq. Çünki indiki məqamda buna ehtiyacımız var.
Komandamızın gücünə inanıram. “Kəpəz”in etdiyini təkrarlaya bilərik. Niyə də olmasın? İnşallah, hədəfə çatarıq”.
Martın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək.
HƏBİB

