“Fənərbaxça”nın ötən ilin sentyabrında “Mançester Siti”dən transfer etdiyi qapıçısı Ederson Moraes tənqid hədəfinə çevrilib.
Sportinfo.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, braziliyalı qolkiperin son turda “Rizəspor”la oyundakı (2:2) uğursuz çıxışı klub rəhbərliyinin narazılığına səbəb olub.
İstanbul təmsilçisi artıq 32 yaşlı futbolçu ilə yollarını ayırmaq variantını nəzərdən keçirir.
Ancaq bu planın reallaşmasına əsas maneə Edersonun yüksək maaşıdır. Qapıçı ildə 11 milyon avro qazanır və bu məbləğ potensial alıcılar üçün ciddi problem yaradır.
Bildirilir ki, Avropanın aparıcı klublarından biri onu transfer etmək istəsə də, futbolçunun maaşının 3 milyon avroya endirilməsinə razı olmaması danışıqları dalana dirəyib.
Ederson cari mövsümdə 34 oyunda iştirak edib, 33 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb. Onun “Fənərbaxça” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir və daha bir il uzadılma ehtimalı mövcuddur.

