Ötən bazar Yevlaxda baş tutan oyunda “Qəbələ” növbəti məğlubiyyətini alsaydı, mövzu bağlanacaqdı.
O mənada ki, 9-10-cu yerlərdəki “İmişli” ilə “Kəpəz”dən müvafiq olaraq 10 və 8 xal geri düşəcək, elitadakı yerini qorumaq uğrunda “Karvan-Yevlax”la “didişəcəkdi”.
“Qırmızı-qaralar” cəmi iki həftə əvvəl “Qarabağ”ı elə həmin Yevlaxda məğlub etməyi bacaran “Kəpəz”ə əsl şok yaşatdı.
Rəqibini bütün komponentlərdə üstələyən Qəbələnin eyniadlı təmsilçisi 2 qol vurdu, azı 2-3 real qol şansını boşa verdi. Bununla da özündən əvvəlki, yəni 10-cu pillədəki “Kəpəz”lə xal fərqi 2-yə endi.
Bu qələbənin çempionata əlavə rəng qatdığını əminliklə deyə bilərik.
Niyə?
Çünki pley-off mübarizəsi təsəvvür etməyəcəyimiz dərəcədə qızışdı.
“Karvan-Yevlax”ı sonunculuqdan yalnız möcüzə xilas edə bilər ki, o dərəcədə möcüzə hələ dünyada görülməyib. Ən yaxın izləyicisindən 11 xal geri qalan yevlaxlılar qarşıdakı 7 turda azı 4 qələbə qazanmalı, “Qəbələ”nin bütün matçlarda uduzmasına bel bağlamalıdır. Mümkün deyil!
Elitanı 11-ci pillədə başa vuran kollektiv I Liqanın 2-cisi ilə pley-off oyununa çıxacaq.
Bu yerə 3 real namizəd var – “İmişli”, “Kəpəz” və “Qəbələ”.
Halbuki “Qəbələ” “Kəpəz”ə uduzsaydı, bu mövzu böyük ölçüdə bağlanacaq, pley-off oynamaq qəbələlilərin boynunda qalacaqdı.
İndi isə daha maraqlıdır. Görək, Premyer Liqanın 11-cisi hansı komanda olacaq.
HƏBİB

