Mövsüm sona çatır, amma Kaxaber Tsxadadzenin yalanları bitmək bilmir.
"İmişli"yə məğlubiyyətdən sonra gürcüstanlı mütəxəssis yenə şikayət edib:
"Biz I Liqadakı heyətimizin 95 faizini saxladıq. Ya gərək çempion olan komandanı dağıdıb tamamilə legionerlərdən heyət qurardıq. Bu da düzgün deyildi. Çünki bizi çempion edən futbolçulara şans verməliydik. Ona görə heyəti dağıtmadıq".
"Qəbələ"nin heyətindən məlumatsız olan deyər ki, bölgə klubu elə Birinci Liqadakı futbolçularla yola davam edirsə, buna Kaxaber nə etsin?
Amma elə deyil!
Kaxaber Tsxadadze yenə yalan danışır.
20 il əvvəlki cığaldı da...
Yaşı artır, təcrübəsi nə qədər desən, amma insan kimi olduğu yerdə də qalıb.
Yalançını evinə qədər qovarlar...
Biz də yalançı Kaxaberi qovmaq qərarına gəldik.
Ki, dediklərinin yalan olmasından hər kəs agah olsun.
Bəli, "Qəbələ" Birinci Liqada çempion olan heyətdən kifayət qədər oyunçu saxlayıb.
Lakin onların heç də hamısı aşağı liqalıq futbolçular deyil.
Kapitan Murad Musayevin 31 yaşı var.
Birinci Liqaya qədər 5 mövsüm "Qəbələ"nin heyətində Premyer Liqada top qovub.
150-yə yaxın oyun keçirib.
Sonuncu dəfə ölkə kubokunu qazanan, liqa yolu avrokuboklara vəsiqə əldə edən "Qəbələ"nin əsas heyət üzvlərindən olub.
35 yaşlı Səlahət Ağayev karyerası boyunca Premyer Liqada çıxış edib.
"Neftçi", "İnter" (indiki "Şamaxı") kimi iddialı klubların şərəfini qoruyub.
Nicat Əliyev, Şahin Şahniyarov, Eşqin Əhmədov kimi gənclərin Premyer Liqa təcrübəsi daha əvvəldən var idi.
Hər birinə elita təmsilçilərindən təkliflər olmuşdu. Sadəcə Birinci Liqada oynamağa razılaşmaqla yetirməsi olduqları kluba vəfa borclarını ödəmiş oldular.
Əcnəbilərdən yalnız Domi Massumo komandada saxlanılıb. O da 27 görüşdə vurduğu 7 qolla komandasının bombardiridir. Niyə birinci Liqada sənə Premyer Liqa səviyyədə komanda verildiyini demirsən?
Hansı rəqibin heyətində Səlahət, Murad kimi təcrübəli adlar, Nicat, Şahin kimi gənclər vardı?
Heç birinin.
Bunları demədən bəh-bəhlə 17 xal öndə çempion olmağı qabardırsan.
Gələk yeni transferlərə.
Bu gün "Qəbələ"nin sifariş vərəqəsində yer alan 12 əcnəbidən 11-i ötən yay və bu mövsümün gedişində transfer olunub.
Hardadır həmin 12 əcnəbi? Niyə kömək etmirlər?
Aşağı liqadan gələn gənc Dani Massumo 7 qol vurduğu halda, yayda heyətə cəlb edilən 32 yaşlı Sanqarenin aktivində cəmi bir qol var. Bunun günahı kimdədir?
Onsuz da "Qəbələ"nin nəticələri azarkeşlərin əhvalını kifayət qədər pozur.
Sxadadze isə açıqlamaları ilə sanki odun üstünə benzin tökməklə məşğuldur.
Əslində gürcünü hamımız yaxşı tanıyırıq.
Məni mat-məəttəl qoyan klub rəhbəri Fariz Nəcəfovun tükənməyən səbridir.
Vallah beləsini bir gün də komandada saxlamazdım.
XANOĞLAN / SPORTİNFO.AZ

