“Hər oyunda meydana qələbə üçün çıxırıq, bu dəfə də 3 xal üçün oynayacağıq”.
“Qəbələ”nin futbolçusu Adriel Ba Lua Sportinfo.az-a iddialı açıqlama verib.
Bölgə təmsilçisi Premyer Liqanın 28-ci turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq.
“Qəbələ”nin ötən tur “İmişlə”yə məğlub olması, “kimyaçılar”ın son 4 matçda meydanı xalsız tərk etməsi oyuna əlavə rəng qatır.
Hər iki komanda azarkeşlərini sevindirmək, turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq üçün dəridən-qabıqdan çıxacaq.
Fil Dişi Sahilindən olan 29 yaşlı yarımmüdafiəçi Sumqayıtda qalibiyyəti bayram edəcəklərinə inandığını bildirib:
“İmişli”yə məğlub olmağımızın səbəbi rəqibin az qala 11 nəfərlə müdafiə olunmasına görəydi. Əks-hücumlara və standart vəziyyətlərə bel bağlayırdılar.
Bir dəfə şansları oldu, onda da qol vurdular. Ümid edirəm ki, “Sumqayıt” “İmişli” kimi oynamayacaq.
Ümumiyyətlə, “Sumqayıt”ın oyun üslubu fərqlidir – hücum edir, rəqibə də oynamaq imkanı verirlər. Həm də öz azarkeşlərinin qarşısında müdafiə futbolu sərgiləyəcəklərinə inanmıram.
Hər iki komanda üçün çətin olacaq. Səhvlərimizdən nəticə çıxarmaqla ən yaxşısını etməyə çalışacağıq. Məqsədimiz qalib gəlməkdir”.
Aprelin 19-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
HƏBİB

