“Bizim üçün hədsiz dərəcədə vacib oyun idi.
Əsas rəqiblərimizdən birinə qarşı oynayırdıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu İsmaheel Akinade deyib.
Bazar günü Yevlaxda baş tutan qarşılaşma xüsusən qəbələlilər üçün həyat əhəmiyyəti daşıyırdı.
Premyer Liqada 8, Azərbaycan kubokunda 2, ümumilikdə 10 oyundur qələbəyə həsrət qalan “qırmızı-qaralar” uğursuz seriyanı sonlandırmaq istəyirdi.
Rəqib isə 4 matçdır uduzmayan, iki həftə əvvəl “Qarabağ”ı məğlub edən “Kəpəz” idi.
Qonaqlar xüsusən ikinci hissədə üstün təsir bağışlamaqla 2 qol vurub istəyinə çatdı.
Komandasının ilk qoluna imza atan 32 yaşlı nigeriyalı qələbədə hansı amilin xüsusi rol olduğunu söyləyib:
“İlk növbədə onu deyim ki, süni örtükdə oynamaq həqiqətən çətindir. Xüsusən bizim kimi təbii ota öyrəşmiş komandalar üçün. İlk hissədə məhz bu çətinlik üzündən bir az çətinlik çəkdik.
İkinci yarıda əsl xarakter göstərdik. Meydanın hər qarışı uğrunda mübarizə apardıq, can qoyduq.
Məhz bu keyfiyyətin sayəsində qələbə bizim oldu. Futbolda xarakter və mübarizlik olduqca önəmlidir.
Bəzən taktiki-texniki məsələləri üstələyir. Cəmi 2 qol vurduq, halbuki hesab arasındakı fərq daha böyük ola bilərdi.
Açıq deyəcəm, rəqibimizi bütün cəhətlərdə üstələyərək layiqli qələbə qazandıq.
İki həftəlik fasilənin işimizə yaradığını deyə bilərəm. Azarkeşlərimiz bundan sonra daha sağlam, daha güclü və enerjili “Qəbələ” görəcək”.
19 xalla 11-ci pillədə yer alan “qırmızı-qaralar” bu qələbədən sonra 10-cu yerdəki “Kəpəz”lə xal fərqini 2-yə endirib.
HƏBİB

