27-ci turun prinsipial qarşılaşmalarından biri Qəbələdə baş tutacaq.
Elitadakı yerini qorumaq uğrunda mübarizə aparan “Qəbələ” doğma azarkeşlərinin gözləri önündə eyni məqsəd uğrunda çalışan “İmişli”ni qəbul edəcək.
Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv ötən həftə Yevlaxda “Kəpəz”i məğlub etməklə (2:0) çempionatda 8 oyunluq qələbəsizlik seriyasına son qoydu.
Qəbələlilərdən fərqli olaraq imişlilərin vəziyyəti ürəkaçan deyil.
Sonuncu dəfə 12-ci turda “Neftçi”ylə qarşılaşmada 3 xala sevinən aran təmsilçisi 14 turdur qələbə qazanmır. Üstəlik, 7 oyundur davam edən qolsuzluq seriyasına “Turan Tovuz”la matçda son qoydu.
İndiki məqamda proqnozlar “Qəbələ”nin xeyrinə işləyir.
“Qırmızı-qaralar”ın nigeriyalı hücumçusu İsmaheel Akinade Sportinfo.az-a açıqlamasında oyunun mahiyyətindən söz açaraq komandasının hədəfi barədə danışıb:
“Bizim üçün önəmli olan “qara zolaq”dan çıxmaq idi. “Kəpəz”lə oyunda əldə etdiyimiz qələbə komandaya ruh və inam verdi.
Turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq üçün “İmişli” və “Sumqayıt”la görüşlər olduqca vacibdir. “İmişli” çoxdandır qələbə qazana bilməsə də, həqiqətən çətin rəqibdir.
Mən komandada olmadığım dönəmdə 2:2 qeydə alınıb, Qəbələdə isə çətinliklə 3:2 hesablı qalibiyyətə sevinmişdik.
Həm də çempionatda əsas rəqiblərimizdəndir. İnşallah, meydana 3 xal üçün çıxacağıq.
Qarşımızda duran məqsəd 3 oyunda 9 xal toplamaqdır. “Kəpəz”i udduq, hədəf “İmişli” və “Sumqayıt”ı da yenməkdir.
Azarkeşlərimizin qarşısında məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Aprelin 12-də Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.
HƏBİB

