Qurban Qurbanov gördüyünü gördü.
O, çox təcrübəlidir, hamımızdan biliklidir. Sözsüz, belə məşqçiyə yalan satmaq olmaz, bu nömrə keçməz.
“Sabah”la matçda ağlındakı son sualların cavabını da özüyçün tapdı.
Matues Silvadan savayı, «Qarabağ»ın bütün legionerləri indidən yay qayğısı çəkir. Həm bolluca istirahət etmək, həm də düşərgəni dəyişmək həsrəti, xəyalı ilə yaşayırlar.
Demək olar hər birinin bir, yaxud bir neçə real təklifi var, daha böyük pullar qazanmağın planlarını cızırlar beyinlərində.
Sözsüz, bu, «Qarabağ»ın son iki aydakı sürətli enişinin başlıca səbəbləri arasında birinci yerdə gedir.
Kevin Medina yaşına, təcrübəsinə, «Tank» ləqəbinə yaraşmayan səhvə yol verir, komandası məğlub duruma düşür, o isə az sonra «Sabah»ın hücumçuları ilə deyib-gülən yerdə kameralara tuş gəlir.
Emmanuel Addai ikinci hissənin axırına yaxın son «kozır» olaraq meydana daxil olur, topu gah vaxtında ötürmür, gah onu ayağında çox saxlayır, gah da heç nədən itirir.
Və qanalı vinger dişlərini ağardaraq, yavaş addımlarla bir qədər geri qayıdır.
Çempionlar Liqasında xaruqələr yaradan «Qarabağ» kölgəsini də itirib artıq. Əsər-əlamət qalmayıb o «Qarabağ»dan.
Bir qram da, bir zərrə də.
İldırım sürəti, driblinqləri, iti ötürmələri, ağıllı keçidləri ilə Çempionlar Liqasında adlı-sanlı rəqiblərinin başını gicəlləndirən «Qarabağ»ın yerini ruhsuz, sevgisiz, aciz halı ürək ağrıdır.
Klubun adına, prinsiplərinə, dəyərlərinə pula görə xəyanət edənləri yayda burada görməyəcəyik. Qurbanov birini də gözünün qabağında saxlamayacaq.
O, xarakter etibarıyla uğurlardan doymayan, «Qarabağ»a məhəbbətini hər əməlində göstərən baş məşqçidir.
Bir nəfər gözündən düşdüsə, bitdi hər şey! Üstündən çalın-çarpaz xətt çəkəcək, bu aralar yaşadıqlarını bir daha yaşamamaq üçün bütün radikal addımlar atacaq.
Gözləyin, tezliklə «Qarabağ» inqilabi islahatlara «bismillah» eləyəcək.
MUSA

