
“Qəbələ” dünən “feysbuk” hesabından zədəli futbolçuları ilə bağlı yeni məlumat postu paylaşıb.
Postda bildirilir ki, 3 futbolçu hazırlıq prosesində iştirak etmir:
“Rüfət Əhmədov əməliyyatsonrası reabilitasiya dövrü keçir. Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir.
Bərpa prosesini başa vuran Urfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır”.
Təbii ki, yerli tərəfdarları daha çox düşündürən Akakpo ilə bağlı durumdur.
Təzə-təzə komandaya uyğunlaşan, faydalı olmağa başlayan toqolu yarımmüdafiəçi 2 ilə yaxındır kollektivdən kənar düşüb.
Fanatlar bir tərəfdən həmin formada olan afrikalı legionerin yolunu həsrətlə gözləyirsə, digər yandan, onun müalicə kursunun uzanmasından narahatdır.
Bunu hər dəfə toqolu ilə bağla paylaşımların şərh bölümündə görürük. Sonuncu paylaşımda isə “qırmızı qaralar”ın aktiv fanatlarından sayılan Nəriman Mahmudzadə kreativ təkliflə çıxış edib.
O, dostlarına müraciət edərək, sözügedən legionerə yeni iş tapılmasında kömək istəyib:
“Akakpo üçün yeni vakansiya tapmışam. Yerli “Qəbələ” qəzetinə operator axtarırlar. Orada işə düzəldək.
Bəsdir, ilyarımdır müftə maaş yeyir. Cavad, İlqara de, bu məsələdə köməklik göstərsin”.
XANOĞLAN / SPORTİNFO.AZ