"İstəyirik özüylə danışaq, razılaşsa, bura gətirək"

22 Yanvar 22:20 Qəbələ 747
"İstəyirik özüylə danışaq, razılaşsa, bura gətirək"

“Biz bu futbolçu ilə həqiqətən maraqlanırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Patrik Robson de Souza Monteyronu Avstriya “Admira”sından 1,5 illik icarəyə götürən “Qəbələ” daha bir futbolçunun xidmətində maraqlıdır.

“Qırmızı-qaralar” 23 yaşlı braziliyalı hücumçunun ardınca Samet Karakoçu gündəminə alıb. 2021-ci ildə milliləşdirilən türkiyəli ölkəsinin III liqasında çıxış edən “Bayrampaşa”nın üzvüdür.

Əvvəl U-19, daha sonra U-21-ə dəvət alan 19 yaşlı mərkəz müdafiəçisi “Fənərbağça”nın yetirməsidir. Onun hazırkı klubu ilə müqavilə müddəti 2022-ci ilin yayında bitəcək.

Müdafiənin sol cinahında da oynamağı bacaran Samedə hələ ötən sezon Premyer Liqamızda çıxış etmək təklif olunub.

O isə Türkiyədən ayrılmağa hazırlaşmadığını, ölkəsində daha üst liqalardan dəvət gözlədiyini söyləmişdi. Indi isə vəziyyət dəyişib və “Qəbələ”nin avrokuboklara vəsiqə qazanmaq üzrə olması onun mövqeyinə təsir göstərib.

E.Baxşıyev transfer görüşmələrinin hələ başlamadığını söyləyib: “Biz Samedi gənclər yığmasından tanımışıq. Bir neçə oyununa baxmışıq.

Komandamıza kömək edə bilər. Bir üstünlüyü də Azərbaycan pasportunun olmasıdır. İstəyirik özüylə danışaq, razılaşsa, bura gətirək.

Bilirsiz ki, əsas müdafiəçilərimizdən Ürfan Abbasov zədələnib. Dizindən müalicə olunur. İki-üç həftəyə bilinəcək ki, nə vaxt meydana dönə bilər.

Həkimlər əvvəl deyirdi ki, əməliyyat olunmalıdır. Müayinədən sonra göründü ki, əməliyyata ehtiyac olmaya bilər”.

Digər Xəbərlər
Xəbər Lenti