Niyə AFFA yox, "Qarabağ"?

27 Noyabr 2020 22:20 Qarabağ 802
Niyə AFFA yox, "Qarabağ"?

"Qarabağ" məlum səbəblərdən Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti ev görüşünü də səfərdə keçirdi.

Bu dəfəki rəqib "Sivasspor" idi.

Əslində, bu oyunu Bakıda da keçirmək olardı. Çünki vətən müharibəsinin başa çatmasından artıq 16 gün keçir və ölkədə təhlükəsizlik baxımından heç bir təhlükə yoxdur. Sadəcə UEFA-ya bunu başa salan lazım idi.

"Qarabağ" rəhbərliyi bunun üçün müəyyən cəhdlər etdi, amma olmadı. Bəs futbolumuza cavabdeh qurum olan AFFA hardaydı? Niyə oyunun Bakıda keçirilməsi üçün hansısa addımlar atılmadı? Axı AFFA-da əsas söz yiyəsi olan icraçı vitse-prezident Elxan Məmmədovun əli çox yerə çatır. Görünür, təkcə "Qarabağ"ın oyunun Bakıda keçirməsini istəməsi yetərli olmayıb və AFFA da bunun heç bir cəhd göstərməyib ...

İstanbulda baş tutan oyun üçün heyətdəki ciddi itkilərə rəğmən Qurban Qurbanov çətinliklə ilk 11-liyi düzəldib meydana buraxa bilmişdi. İnsafən bu qədər çətinliklərə rəğmən komandamız görüşə pis başlamadı. Oyuna nəzarəti əlində saxlamağı bacaran Ağdamlılar iki dəfə hesabda önə çıxmağı da bacardı. Amma o da məlum idi ki, bu heyətlə sona kimi tab gətirmək çətin olacaq. İtkilərin fonunda Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli kimi gənclər əsas heyətdə yer almışdı. Ehtiyat skamiyada isə Xayme Romerodan başqa sanballı sahə oyunçusu gözə dəymirdi.

Məhz buraxılan qollarda da gənclərin "əməyi" az olmadı. Öncə Toral Bayramov cərimə meydançası həndəvərində etdiyi ani diqqətsizliyindən sonra topu itirdi. Hücumun davamında qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundusa, növbəti qoldan əvvəl gənc futbolçu Elvin Cəfərquliyev rəqibin cinah müdafiəçisini gözdən qaçırmış oldu.

Bərabərlik qolundan sonra, ümumiyyətlə, "Qarabağ"ın mübarizə aparamq üçün nə gücü, nə də oyunu canlandırmağa ehtiyat quvvəsi yox idi. Qurbanovun ehtiyatda olan tək ümidi Xaymenin meydana daxil olması da nəyisə dəyişmədi. Başverənlərin məntiqi nəticəsi kimi "Sivasspor" üçüncu qolu da vuraraq qələbəni təmin etdi.

Bununla da "Qarabağ" qrup mərhələsi çərçivəsində baş tutan 4-cü oyundan da xalsız ayrılmış oldu. Nəticə üzücü olsa da sevindirici məqamlar da az deyil. Ümumiyyətlə, "Qarabağ"ın "Bakı birinciliyi"ndən qrup mərhələsinə getməsi özü böyük uğurdu. "Villareal", "Sivasspor" kimi rəqiblərlə başabaş mübarizə aparması da alqışlanası haldı. Amma daha çox sevinməli olduğumuz məqam Elvinin və İsmayılın 90, Toralın isə 65 dəqiqə meydanda olmasıdır. İsmayıl zaman-zaman şans qazansa da, digər gənclər üçün əsas heyət üzvlərinin oyunu buraxması böyük şans idi.

Bəli, gənclərin qeyd etdiyimiz səhvləri oldu, amma səhv olmadan da təcrübə yığmaq mümkün deyil. Bu gün "Sivasspor" kimi rəqiblərə qarşı oyunlarda yığılan təcrübə sabah özlərindən və "Qarabağ"dan da çox Azərbaycan futbolunun dadına çatacaq. Çünki bu gedişatla yaxın zamanda milli komandamızın əsas özəyini məhz elə İsmayıl, Toral, Elvin kimi gənclər təşkil edəcək. Zatən illərdi ölkə futbolunun yükü sanki "Qarabağ"ın boynuna biçilib. Bəs AFFA-nın bəslədiyi klublar nə gün üçündür? Görünür, bundan sonra hələ uzun illər də ölkədə futbolun ayaqda qalmasının yükünü AFFA yox, "Qarabağ" daşıyacaq

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu