Bir banan, bir Mahir

20 Sentyabr 2020 11:40 Qarabağ 1 850
Bir banan, bir Mahir

"Kölgədə duranın kölgəsi olmaz. Sən günəşdə duracaqsan ki, kölgən olsun. İnsanlar da sənin kölgənə yığılsınlar".

Bunu hansısa qədim yunan filosofu, yaxud hansısa şərq mütəfəkkiri yazmayıb, deməyib.

Yəqin ki, Mahir Emreli də bu sözlərin müəllifindən xəbərsizdir. Xoşuna gəlib, götürüb "instagram" hesabının hekayə bölümündə paylaşıb.

Düşünüb ki, son vaxtlar məni sərt şəkitldə tənqid edənlərə ən ağıllı cavab bu olsun gərək.

Yanılıb. Hər mənada yanılıb.

Mahirə biri günəşin yerini göstərsin ki, gedib, orada dayansın, nəhayət, kölgədən çıxsın.

Uzun illərdir Qurban Qurbanovun himayəsindədir, onun sözüylə bir yerlərə gəlib, indi zənn edir ki, futbolda nə qazanıbsa, haqqıdır. Vallah, olardı Qurbanovun yerinə «x» bir məşqçi, komandadan birinci Mahirin özünü qovardı.

O, illər əvvəl «Bakı»dan «Qarabağ»a deyil, hansısa bir komandaya keçsəydi, bu gün biz onu yaşıl sahələrdə izləyəcəkdik. Amma futbol yox, örüş sahələrində.

Zaqatalada sahibi olduğu fermaya çoxdan dönmüşdü artıq. Əgər Qurbanov olmasaydı. Onun diqqəti üzərində olmasaydı. Sol əlini götürüb, sağ əlini başına çəkməsəydi.

Hazır oldu olmadı, formanı əyninə geyindirməzdi. Hər dəfə azarkeşləri məyus edəndən sonra belə, arxasında dağ kimi dayanmasaydı.

Xüsuslar, xüsusi ştrixlər o qədər çoxdur ki… Bunlar nə birdir, nə minbir.

Mahir xarakter yiyəsi deyil. «Molde» ilə oyundan sonra sosial şəbəkədə bir status qarşıma çıxdı, bir anlıq duruxdum. Bilmədim gülüm, yoxsa təəssüflənim. Adamın biri yazmış ki, Azərbaycanda 2 şey heç vaxt yetişməyəcək. Biri banandır, biri də Mahirdən futbolçu yetişməyi.

O, şou-biznes əhlinin sevimlisidir. Futbol publikası, «12-ci oyunçu» onu sevmir. Millinin və ya «Qarabağ»ın hər uğursuz oyunundan sonra bütün tənqidlərin Mahirə yönəlməsi, fokuslanması bu antipatiyadan irəli gəlir.

Çünki Mahir futbolsevərlərin sevgisini qazanmaq üçün demək olar heç nə etməyib, buna çalışmayıb. Yer gəldi gəlmədi, Qurban Qurbanova, onun kölgəsinə sığınıb, bəzən qabağa verib, arxasında gizlənib.

Başa düşmür ki, tənqidlərə cavab olaraq paylaşdığı sözlər özünə aiddir. Düşsəydi, azarkeşlərdən üzr istəyib, tənqidləri qəbul edərdi. Öz üzərində çalışacağına, bir daha meydanda «stolba»lıq etməyəcəyinə söz verməli idi.

Mahir məsuliyyət hissini itirib. Ümumiyyətlə, bilmir ki, bu nəmələ olan zaddır. Lüksemburqla oyundan sonra verdiyi açıqlamanı başqa cür anlamaq çətindir.

Qırımızı vərəqə almasının və komandanın uduzmasının üstündən «Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram» deyən Mahirin, təəssüf ki, o gün hərarətinin neçə olmasından xəbərsizəm. İlk fürsətdə ölçərdim.

İşlətdiyi sözün ciddiliyini dərk edən futbolçu bu hadiəsədən sonra iki yoldan biri seçməli idi. Ya onun üzündən məğlubiyyətlə üzləşən və mükafatdan məhrum olan komanda yoldaşlarının pulunu öz cibindən verməliydi, ya da AFFA vasitəsilə UEFA-ya məktub yazmalıydı ki, oyunun nəticəsi Azərbaycan – Lüksemburq yox, Mahir – Lüksemburq kimi təqdim olunsun.

Yüz faiz, bu açıqlamanı verərkən, məsuliyyətin əməli formasını ağlının ucundan da keçirməyib. Bu təfəkkürün yiyəsi olsaydı, «Molde» ilə qarşılaşmada başına doğru gələn topa çiyni ilə toxunub, qol epizodunun içinə gül düzməzdi.

Mahirin səhvlərinin böyrünə qısılıb, tənqidlərə cavab verməyə qalxmasının bir günahkarı Qurban Qurbanovdursa, biri də bizik - mətbuat. Zamanında sərhəd gözləmədən, bilmədən onu o qədər təriflədik, dəstəklədik, hələ də havadadır, göydən yerə enmir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti