"Qarabağ"ın kapitanı Rəşad Sadıqov dostu güləşçi Hacı Əliyevin dünya çümpionatındakı çıxışı ilə bağlı açıqlama verib. Sportinfo.az xəbər verir ki, millimizin sabiq üzvü sərbəst güləş üzrə yığmamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılayanlar arasında olub. O, Hacının dünya çempionatındakı görüşlərini diqqətlə izlədiyini deyib:
"Hacının rusiyalı Hacımurad Rəşidovla qarşılaşmasındakı epizod çox müzakirə olundu. Mənim bildiyim, anlayışı olanlardan maraqlandığım qədər həmin vaxt Hacıya 2 yox, 4 xal verilməli idi. Ancaq hakimlər çox maraqlı qərar qəbul etdilər, rusiyalı idmançıya 1 xal verdilər. Mənim üçün ən vacib olan odur ki, Hacı həmin görüşü yüksək səviyyədə keçirdi. Özünüz də gördünüz, rusiyalı güləşçi yekunda dünya çempionu oldu. Ancaq Hacı onunla görüşü hücumda keçirdi və çox gözəl fəndlərdən istifadə etdi”.
37 yaşlı müdafiəçi güləşçimizin çəki dərəəsinin ən çətinlərdən olduğunu bildirib:
"İkinci təsəlliverici görüşdə yaponiyalı güləşçiyə də uduzsa da, orada da yaxşı təsir bağışladı. Fikrimcə, ümumilikdə dünya çempionatını yaxşı səviyyədə keçirdi. Onun çıxış etdiyi çəki dərəcəsi ən çətinlərdəndir, güclü rəqibləri var. Yaxşı olacağına ümid edirəm. Özü ilə danışanda, bizim Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya “İnter”inə vurduğumuz sayılmayan qolun videosunu göndərdim ki, Hacı, bizim də başımıza belə bir iş gəlmişdi. Eşitmişdi, amma görməmişdi. O da təəccübləndi ki, belə qol necə sayılmaya bilər. Hacı bu yükün altından qalxacaq. Düzdür, ona ciddi psixoloji zərbə oldu. Dünya çempionuna qalib gələsən, amma yekunda medalsız qalasan... Amma Hacı xarakterli idmançıdır. Bunun öhdəsindən gələcək”. (Report)

