"Qarabağ" mövsümə fırtına kimi başladı - 4:1.
Rəqib yay fasiləsində transferlərə böyük pullar xərcləyən "Araz Naxçıvan" idi.
Əbəs deyil ki, start heyətində ötən mövsümlə müqayisədə 8 yeni ad vardı.
Aralarından Ramon Maçado, Felipe Santos kimi tanış və Bernardo Dias, Carlos Jatoba kimi yeni əcnəbiləri xüsusi qeyd etmək olar.
Ötənilki heyətdən isə yalnız 3 legioner özünə Baxşıyevin "11-liyi"ndə yer tapa bilmişdi.
İqor Robero, Vanderson və Mico Kuzmanoviç.
Əcnəbi "7-lik" ən azı əzmkar mübarizə görəcəyimizdən xəbər verirdi.
Lakin son çempion rəqibinə nəfəs almağa imkan vermədi.
Özü də tamamilə ikinci heyətdən qurulan komanda ilə.
Medina, Yankoviç, Benziya, Juninyo və Zubirin ehtiyatda oturması da Muxtar respublika təmsilçisinin cəsarətli olmasına yardım etmədi.
Cəmi 9 dəqiqə bəs etdi ki, məsələ bitsin.
Düzdü, hər iki qolda da meydan sahibləri şanssızlıq yaşadı.
Birində Tərlan Əhmədli kobud səhvə yol verdisə, digərində avtoqol qeydə alındı.
Amma bu səhvlərə vadar edən də "Qarabağ"ın futbolçuları idi.
Ümumiyyətlə, "Köhlən atlar" ciddi müqavimətlə rastlaşmadı.
Hətta 35 yaşlı Riçard Almeyda belə fərqlənə bildi.
Redon Cica isə yeni mövsüm susqunluğuna erkən son verdi.
78-ci dəqiqədə Elvin Cəfərquliyevin qırmızı vərəqə alması "Araz"ın ən azı fərqi azaltmasına ümid yaratdı.
Düzdü, Nuni Rodriges 86-cı dəqiqədə fərqi 2 topa endirə bildi.
Lakin cəmi 2 dəqiqə sonra azlıqda qalan "Qarabağ" 4-cü qola Abbas Hüseynovla sevindi.
Bununla say azlığında belə Qurban Qurbanovun komandası meydanın ağası olduğunu göstərmiş oldu.
Elə birinci turdan aşkar göründü ki, "Qarabağ" qaldığı yerdən davam edir. Daha güclü, daha qətiyyətli kollektiv olaraq.
XANOĞLAN İMANOV