Qurban Qurbanovun tanış olan məxfilik metodu - Bu dəfə onun "radar"ına kim düşüb?

8 Aprel 19:40 Qarabağ 2 631
Qurban Qurbanovun tanış olan məxfilik metodu - Bu dəfə onun "radar"ına kim düşüb?

Gələcək nəsil "Qarabağ"ın bu mövsümünə göz atanda mütləq Nəriman Axundzadə adına xüsusi diqqət ayıracaq.

Axı gənc forvard 2023/24 sezonuna təsadüf edən iki tarixi qolun müəllifi oldu.

O, öncə Xankəndidə keçirilən MOİK-lə matçda adını işğaldan azad olunan Qarabağda vurulan ilk qolun müəllifi kimi tarixə yazdırdısa, ardınca "Braqa" ilə əhəmiyyətli matçda qızıl dəyərində qolun müəllifi oldu.

Amma "Qarabağ" cəbhəsi indiki zamanda həmin gənci məxfi saxlamaq yolunu seçib.

Yox, onu haradasa gizlətməyiblər.

Yenə meydana çıxır, qollarını vurur.

Sadəcə klubun rəsmi hesablarında kölgədə qalır/qoyulur.

Məsələn, Marko Yankoviçin "Neftçi" ilə matçdakı nəfis hərəkətlərinin videosu admin tərəfindən izləyicilər üçün paylaşılıb.

Bura Elvin Cəfərquliyevin "Kəpəz"in qapısından keçirdiyi mövsümdəki ilk qolunun görüntülərini, Yassin Benziyanın müxtəlif qollarını əlavə edə bilərik.

Amma Axundzadənin vurduğu qollar sonrakı sevincini özündə təcəssüm etdirən fotoları gözümüzə dəymir. Ən yaxşı halda komanda şəkilində sevincini qeyd etdiyi yerdə forvardı görmək olar. Onda da sanki xüsusi həssaslıqla seçilmiş fotolara önəm verilib.

Təsəvvür edin ki, "Kəpəz" üzərində 6:1 hesablı qələbədən sonra klubun "feysbuk" hesabında matçla bağlı 30-dan çox şəkilin yer aldığı fotoreportaj var. Bu sayda fotonun arasında belə Axundzadənin fərdi formada görüntüsü yer almayıb.

Onun sonuncu belə fotosu elə "Braqa"nın qapısından keçirdiyi qoldan sonraya təsadüf edir.

Söhbət bir aya yaxın müddət və 8 qarşılaşmanın tablosundan gedir.

Təsadüf? Qəti!

Bilirik ki, Qurban Qurbanovun gənc futbolçulara qarşı xüsusi həssaslığı var.

Onların mətbuatla münasibətlərinə, gündəlik həyat tərzlərinə belə maksimum nəzarət etməyə çalışır.

Görünür, Nərimanla bağlı yaranmış məxfilik prinsipləri də həmin nəzarətin bir tərkib hissəsidir.

Zamanında oxşar addımların Mahir Emreli, Musa Qurbanlı ilə bağlı da atıldığını görmüşük.

Bir sözlə, metod tanışdır, amma "radar"da olan fərqli.

Effek verirsə, niyə də yox?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti