
Premyer Liqanın sonuncu turunun “Turan Tovuz”la oyunundan sonra “Qarabağ”ın içinə sanki bomba atılıb.
Futbolçuların hərəsi bir ölkəyə üz tutub.
Qurban Qurbanovun verdiyi iki həftəlik istirahət dönəmində yorğunluğu canından atmağa çalışan top ustaları müxtəlif ölkələrdə istirahət edir. Maldivdən tutmuş Dubaya qədər.
Sosial şəbəkələri icad edənlər sağ olsun, kimin harada olmasından xəbər tutmaq işimizi asanlaşdırıb.
Ekzotikaya maraq göstərən Julio Romao xanımı Avana Ribeyro ilə Maldiv adalarına yollanıb.
Bəhlul Mustafazadə mövsümün yorğunluğunu İtaliyada çıxarmaq qərarına gəlib. Tarixi vərəqləməyin, eləcə də, qiraət etməyin həvəskarı olan futbolçu Romadakı Müqəddəs Pyotr meydanndan şəklini paylaşıb.
İsmayıl İbrahimli da İtaliyanın paytaxtında dincəlir.
Komandasının aparıcı simalarından olan Elvin Cəfərquliyev yayın qızmarında Dubaya getməyi qərara alıb. Azərbaycan millisinin də şərəfini qoruyan “solaxay”ın iyun ayı üçün ölkə seçimi maraq doğurmaya bilməz.
Marko Veşoviç çox uzağa getməyib. Təcrübəli müdafiəçi xanımı ilə istirahət üçün vətəni Monteneqrodan təxminən 500 kilometr aralıda yerləşən Yunanıstanı seçib.
Futbolçuların böyük əksəriyyəti fərqli ölkələrdə dincəlməyi üstün tutur. Elələri var ki, bunu izləyiciləri ilə bölüşür. Bəziləri gizli saxlamağa çalışır, ya da sosial şəbəkə paylaşımlarında maraqlı deyil.
HƏBİB / SPORTİNFO.AZ