Qurban Qurbanovun bu transferdə dirəniş göstərməsi boşuna deyilmiş…

23 Yanvar 2023 20:40 Qarabağ 7 418
Qurban Qurbanovun bu transferdə dirəniş göstərməsi boşuna deyilmiş…

Qış fasiləsində Adama Diakabini rənglərinə bağlayan “Qarabağ” növbəti transferin anonsuna hazırlaşır.

Ağdamlılar yaxın günlərdə Redon Cicanın keçidini rəsmiləşdirib, albaniyalı vingeri ictimaiyyətə təqdim edəcək.

1998-ci ildə Laçidə dünyaya gələn Cica futbolun sirlərinə doğma şəhərinin eyniadlı komandasında yiyələnməyə başlayandan sonra “Şkendiya”nın akademiyasına üz tutub.

Buna baxmayaraq, ilk peşəkar müqaviləni məhz “Laçi” ilə bağlayıb.

2017-ci ilin yayında sözügedən klubla anlaşan gələcəyin ulduzu debüt matçını ölkə çempionatında “Partizani”yə qarşı keçirsə də, qol hesabını aça bilməyib. Lakin növbəti oyunda öz çıxışı ilə hər kəsi təəccübləndirib.

Aşağı liqa təmsilçisi “Sopoti” ilə Albaniya kubokunun qarşılaşması onun üçün unudulmaz olub. “Laçi”nin rəqibini 12:0 hesabı ilə məğlub etdiyi görüşdə Redon penta-triklə yadda qalıb.

5 qol vuran 19 yaşlı oyunçu aparıcı klubların diqqətini çəkməyə başlayıb. Həmin vaxt “Laçi” onu qəpik-quruşa buraxmayacağını bəyan edib.

Doğma şəhərinin komandasında keçirdiyi 4 ildə 145 rəsmi oyuda şans qazanmaqla rəqib qapılarına 35 qol vurub, 14 məhsuldar ötürmənin müəllifi olub.

“Laçi” 2021-ci ilin iyununda başa çatacaq müqaviləni yeniləmək üçün bütün mümkün yollardan istifadə etsə də, Cica komandanı tərk etməkdə israrlı olub və “Tirana” ilə 2024-cü ilin yayına qədər anlaşıb.

Paytaxt təmsilçisi Redon üçün vitrin rolunu oynayıb. Məhz bu komandada uğurlu çıxış edib titullar qazanmaqla həm milli komandaya yolu açılıb, həm də əcnəbi klubların diqqətini çəkib.

24 yaşlı futbolçu “Tirana”dakı debüt mövsümündəcə karyerasının ilk tituluna sahib çıxıb. O, 2021/22 mövsümünü Albaniya çempionu kimi başa vurub. Bir müddət sonra isə ölkə superkubokunu da başı üzərinə qaldırıb.

Cica “Tirana”nın şərəfini qoruduğu son ilyarımda bütün rəsmi qarşılaşmaları nəzərə almaqla 54 matçda 32 qol vurub, 7 assistlə yadda qalıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun diqqətini çəkməsində əsas səbəblərdən biri beynəlxalq oyun təcrübəsinin olmasıdır.

Ölkəsinin U-21 millisində 8 matçda iştirak edib, əsas yığmada isə 2 oyuna çıxıb. Lakin heç birində qol hesabını aça bilməyib.

Artıq avrokubok təcrübəsi də var. Şans qazandığı 10 qarşılaşmada rəqib qapılarının torunu 2 dəfə silkələməyib, üstəlik, 2 assistlə yadda qalıb.

Ümumi mənzərəyə baxmalı olsaq, vinger son 5 ilyarımda 219 rəsmi oyunda 69 qolun müəllifi olub, 23 məhsuldar ötürmə verib.

Futbolçu keyfiyyətlərinə gəlincə, əsasən sol cinah yarımmüdafiəçisi kimi tanınır. Olduqca sürətlidir, təkbətək mübarizələrdən qalib ayrılmaqda ustadır.

Hər iki ayağından istifadə etsə də, işlək olanı “sağ”dır. Qısa ötürmələrdən məharətlə yararlanaraq rəqib qapısına gözlənilməz və dəqiq zərbələr endirməyi bacarır.

Görünüşcə cüssəli deyil, 180 sm boyu var. Amma mübarizələrdən çəkinmir, ölüm bahasına olsa sona qədər döyüşür.Yarımmüdafiənin əks cinahında, eləcə də hücumun sivri ucunda da ümidləri doğruldur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?