"Osman Rəhimov mənimlə bir az yüksək tonda danışdı" - ZAUR RAMAZANOV

7 Noyabr 2019 21:00 Qalmaqal 1 221
"Osman Rəhimov mənimlə bir az yüksək tonda danışdı" - ZAUR RAMAZANOV

"Mən elə insan deyiləm ki, hər şeyə görə dava edim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq üzvü Zaur Ramazanov deyib.

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun I modulu çərçivəsində keçirilən seminarda Ramazanovla təlimatçı Osman Rəhimov arasında mübahisə düşməsi barədə xəbər vermişdik. "Xəzər Lənkəran"ın sabiq hücumçusu redaksiyamızla əlaqə saxlayaraq, bu haqda danışıb:

"Minskdə keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarını izləyirdik. Sonuncu turda Belarusla Latviya qarşılaşırdı. Həmin gün dişim möhkəm ağrıyırdı, fasilədə dərman almağa getdim. Aptek isə stadiondan 15 dəqiqəlik məsafədə yerləşirdi. Ona görə 60-cı dəqiqədə geri qayıtdım. Söhbət buna görə olub.

Bakıdakı seminarda anlaşılmazlıq yarandı. Osman Rəhimov mənimlə bir az yüksək tonla danışdı. Elə bilib ki, hava soyuq olduğundan çıxıb getmişəm. Minskdə heç yeri tanımıram, otelin yolunu da bilmirəm - hara gedəcəkdim ki? Ona dedim ki, qarda, şaxtada futbol oynamışam. Orada Elxan Məmmədovun adını çəkməmişəm. Aslan Kərimovdan da bunu soruşa bilərsiz. Kursu aparan odur. Kursdan əvvəl Aslan mənə dedi ki, "A"-nı oxumaq bir qədər çətin olacaq, buranın öz şərtləri var, mən sənə kömək edə bilməyəcəm. Şərtlərdən biri də hansısa komandada işləməkdir.

Mən də "Sabah"ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Hüseynqulu Quliyevlə danışmışam, onların məşqlərində iştirak edəcəm. Yazı-pozuya qalanda, bəli, bir az çətinliyim var. Bunu da bilməyən yoxdur. Amma öyrənəcəm, az qalıb. Dekabrın 2-də növbəti modul başlayacaq, həmin seminarda da iştirak edəcəm. Yenə deyirəm, Osman Rəhimovla aramızda ciddi nəsə olmayıb. Xırda söz-söhbət düşüb, vəssalam. Dava nədir, döymək nədir. Məni heç kim vura bilməz. Həmişə öz səviyyəmi qorumuşam, kimsə mənə güldən ağır söz deyə bilməz".

Digər Xəbərlər
Xəbər Lenti