Haradasan, ay "Qarabağ"? - "Sabah"ın oyununda onları yada salan HADİSƏ

17:45 Premyerliqa 56
Haradasan, ay "Qarabağ"? - "Sabah"ın oyununda onları yada salan HADİSƏ

Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Sabah” görüşündən əvvəl tribunalardakı mənzərəni görəndə bir anlıq beynimdən bu sual keçdi - Hardasan, ay "Qarabağ"?

Qarşılaşmadan öncə rəqibin son çempion olması, hazırda Çempionlar Liqasında çıxış etməsi və cəmi beş gün sonra Bakıda “Barselona” ilə qarşılaşacaq olması ümid yaradırdı ki, bu mövsüm ilk dəfə əsas arenasına qayıdan “Sumqayıt”ın azarkeşləri oyuna daha böyük maraq göstərəcək.

Əvvəlki illərdə “Qarabağ”ın Sumqayıta səfərlərində tribunaların dolduğunu, hətta azarkeşlərin pilləkənlərdə oturmaq məcburiyyətində qaldığını görmüşük.

“Neftçi”nin bəzi oyunlarında da maraq kifayət qədər yüksək olub.

Təəssüf ki, bu dəfə eyni mənzərənin şahidi olmadıq. Qarşılaşmanı təxminən 2500 azarkeş izləyirdi.

Oyuna gəlincə, matça daha yaxşı başlayan tərəf “Sabah” oldu. Qonaqlar üstünlüyünü qolla da rəsmiləşdirdilər.

Lakin “Sumqayıt” təslim olmadı, mübarizəni davam etdirdi və hətta bərabərlik qolunu vurmağa nail oldu. Hər iki qolda müdafiəçilərin kobud səhv etdiklərini də unutmayaq.

Bərabərlik qolundan sonra daha maraqlı, daha gərgin qarşılaşma izləyəcəyimizi düşünmək olardı.

Ancaq 33-cü dəqiqədə Lukas Blekin qırmızı vərəqə alması meydan sahibləri üçün hər şeyin sonunu gətirmiş oldu.

Oyunun qırılma nöqtəsinin məhz bu epizod olduğunu söyləmək mümkündür.

Düşünürəm ki, hakim düzgün qərar verdi. Qısa müddət ərzində alınan iki sarı vərəqə də haqlı idi. Blek oynadığı mövqeyə görə daha diqqətli davranmalı olsa da, bunu bacarmadı.

Amma burada baş məşqçi Kandidonun da məsuliyyətini unutmaq olmaz. Belə rəqiblə qarşılaşmada daha sıx müdafiə qurmaq, rəqibin hücumları üçün boş sahələri minimuma endirmək vacib idi. Hər iki epizoda diqqət yetirsək, görərik ki, Blek qaydanı pozmasa, rəqib üçün böyük bir boş dəhliz yaranırdı. Arxadan sığortada isə heç bir futbolçu yox idi.

Halbuki müdafiə elə təşkil olunmalı idi ki, rəqibin bu cür boşluqlardan istifadə etmək imkanı minimuma ensin.

Azlıqda qalandan sonra “Sumqayıt” ciddi müqavimət göstərə bilmədi. Ardıcıl buraxılan qollar isə məğlubiyyətin darmadağına çevrilməsini qaçılmaz etdi.

Xəyal Əliyevin zədədən sonra belə dönüş etməsi sevindirici məqamdır. Millimizin üzvü qol vurdu, bir epizodda yaxşı reydlə də yadda qaldı. Severina baxımlı qolları ilə diqqət çəkdi. Puxacın vurduğu qolda isə topun ötürmə, yoxsa qapıya zərbə olduğunu müəyyənləşdirmək çətin idi. Hər bir halda, maraqlı qol alındığını söyləmək olar.

“Barselona” ilə oyun ərəfəsində bu qarşılaşma sanki “Sabah” üçün açıq məşq xarakteri daşıdı. Dambrauskasın yetirmələri növbəti üç xalı aktivlərinə yazmaqla “Neftçi” ilə xal fərqini də aradan qaldırdılar.

Artıq “bayquşlar” qarşıdakı beş günü rahat şəkildə “Barselona” ilə oyuna hazırlıqla keçirə bilərlər.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti