Müqaviləsini uzadan millimizin hücumçusu iki dəfə çox QAZANACAQ

09:50 Bizimkilər 82
Müqaviləsini uzadan millimizin hücumçusu iki dəfə çox QAZANACAQ

Azərbaycanın U-21 millisinin hücumçusu Lorenzo Mezzotero İtaliyanın “Sampdoriya” ilə müqaviləsini yeniləyib.
18 yaşlı istedadla 2030-cu il iyunun 30-dək yeni kontrakt imzalanıb. Sözləşmədə klubun istəyi ilə müddətin 2031-ci il iyunun 30-dək uzadılması variantı da nəzərdə tutulub.
Yeni sözləşmə adıçəkilən forvardın maaşına təsir göstərib. Artıq B Seriyasında özünü göstərməyi bacaran ön xətt oyunçusu əvvəlki ilə müqayisədə iki dəfə çox maaş alacaq. Söhbət 10 min avroya yaxın bir məbləğdən gedir.
Mezzotero 2008-ci il avqustun 16-da İtaliyanın Monza şəhərində anadan olub. Erkən uşaqlıq illərini Kanadada keçirib, dörd yaşında futbolla məşğul olmağa başlayıb. 2014-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Lorenzo altı il Azərbaycanda yaşayıb. Onun atası Sercio Mezzotero həmin dövrdə SOCAR-da müqavilə əsasında çalışan italiyalı mühəndis olub.
Gənc hücumçu Bakıda təhsil alıb və ilk ciddi futbol hazırlığını da burada keçib. “Qarabağ“ və “Neftçi“nin akademiyasında bu idman növünün sirlərini öyrənib.
2020-ci ildə atasının SOCAR-la müqaviləsi başa çatdıqdan sonra ailə İtaliyaya qayıdıb. Mezzotero daha sonra Azərbaycan millisində çıxış etmək üçün sənədləşmə prosesinə başlayıb. Proses uzun çəksə də, AFFA-nın köməyi ilə məsələ həllini tapıb. 2026-cı ilin mayına qədər bütün zəruri prosedurlar tamamlanıb və hücumçu Azərbaycanın U-21 millisinə dəvət alıb. Ayxan Abbasov onu Lixtenştyinlə UEFA Millətlər Liqasının, Andorra ilə yoldaşlıq görüşünə çağırdığı heyətə dəvət edib. Di gəl, ayağından aldığı zədə üzündən düşərgədən kənarda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!