“Neftçi” daha bir çətin səfərə hazırlaşır.
24 xalla turnir cədvəlinə liderlik edən paytaxt təmsilçisi bu dəfə Şamaxıda - “Araz-Naxçıvan”la səfər matçında meydana çıxacaq.
Komandalar arasında ilk dövrədə keçirilən qarşılaşma “ağ-qaralar”ın 5:0 hesablı qələbəsi ilə başa çatmışdı. Təbii ki, bu nəticə Naxçıvan təmsilçisində revanş istəyi yaradıb.
Digər tərəfdən, “Araz-Naxçıvan” sonuncu pillədəki mövqeyini yaxşılaşdırmaq və vacib 3 xal qazanmaq niyyətindədir.
“Neftçi” isə növbəti qələbəsini qazanaraq liderliyini davam etdirməyə çalışacaq.
Bir sözlə, hər iki kollektiv birmənalı qələbəyə köklənib. Heç-heçə hansısa mənada “ağ-qırmızılar”a sərf etsə də.
Vacib qarşılaşma öncəsi “Neftçi”nin macarıstanlı yarımmüdafiəçisi Alen Şkribek Sportinfo.az-a açıqlamasında rəqibə ciddi yanaşmalı olduqlarını xüsusi şəkildə qeyd edib:
“Bu çempionatda zəif rəqib yoxdur. Komandaların yarısı avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırsa, digər yarısının hədəfi elitadakı yerini qorumaqdır.
Xüsusən də “Neftçi”nin adı rəqib komandalarda əlavə motivasiya yaradır. Hər bir komanda bizdən xal almağa, bizi məğlub etməyə çalışır. Bu da işimizi bir qədər çətinləşdirir.
“Araz-Naxçıvan”ın sonuncu pillədə olması bizi aldatmamalıdır. Həqiqətən güclü rəqibdir, heyətində keyfiyyətli futbolçular var. Bu oyuna daha ciddi yanaşmalıyıq.
Sözsüz, matçın süni örtüklü meydanda keçirilməsi müəyyən mənada çətinlik yaradır. Çünki iki tur əvvəl “Şamaxı” ilə həmin meydandakı oyunda vəziyyəti görmüşdük.
Lakin şərtlər hər iki komanda üçün eynidir. Bu, bizim üçün bəhanə olmamalıdır. 90 dəqiqə ərzində əlimizdən gələni edəcəyik ki, növbəti 3 xalımızı qazanıb azarkeşlərimizi sevindirək”.
Noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” görüşü saat 14:30-da başlayacaq.
HƏBİB
