Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

16:30 Premyerliqa 72
Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Gəncəli azarkeşlərin aylardır gözlədiyi an nəhayət yetişib.

“Kəpəz”sevərlər uzun müddətdir “Sabah”, “Neftçi”, “Qarabağ” kimi çempionluğa iddialı komandaları doğma şəhərdə qarşılamaq, rəqiblərə Gəncə tribunalarının nəyə qadir olduğunu göstərmək həvəsindədir.

“Qarabağ”la ilk dövrədəki görüş təxirə salınmış, “Sabah” və “Neftçi”ylə oyunlar paytaxtda gerçəkləşmişdi.

“Qarabağ” bu gün unudulmaz Gəncə stadionunda “Kəpəz”in qonağıdır.

Ağdam təmsilçisinin Gəncəyə səfərinin sonuncu dəfə nə vaxt bu qədər rezonans doğurduğunu, bu qədər səs-küyə səbəb olduğunu xatırlamaq çətindir. Dəqiq tarixi yada salmaq üçün iki komanda arasında əzəli rəqabətin xüsusi çalarlar aldığı 20-25 il əvvələ qayıtmaq lazımdır.

“Sarı-göylər”in son illərdə iddialarından uzaq düşməsi, imkansızlıq, stadiondakı şəraitin uzun müddət arzuolunan səviyyədə olmaması gəncəli azarkeşləri sevimli komandalarının oyunlarından uzaq salmışdı.

Arenanın yenilənməsi və “Kəpəz”in cari mövsümə uğurlu startı futbolsevərlərdə yenidən böyük ümidlər yaradıb. Təsadüfi deyil ki, “Qarabağ”la oyunun biletləri qarşılaşmaya üç gün qalmış qurtarmışdı.

Bu matç təkcə iki komanda arasındakı prinsipial rəqabət baxımından deyil, turnir cədvəlindəki vəziyyət baxımından xüsusi əhəmiyyət daşıyır.

10 oyundan sonra (bir oyun az keçirib – H.) “Qarabağ”ın aktivində 19 xal var və 5-ci sırada yer alıb. 11 oyun keçirən “Kəpəz” isə 17 xalla 6-cı pillədə qərarlaşıb.

Qərb təmsilçisinin mümkün qələbəsi vəziyyəti xeyli dəyişə bilər. Belə ki, “Kəpəz” xallarını 20-yə çatdıraraq birdən-birə iki pillə irəliləyə, hətta 4-cü yerə yüksələ bilər. Bu halda “sarı-göylər” “Qarabağ”ı geridə qoymaqla yanaşı, “Zirə” ilə də xal sayını bərabərləşdirəcək, ağdamlılar isə 6-cı pilləyə yuvarlanacaq.

Ağdam təmsilçisinin qələbəsi isə komandaya əsas rəqiblərinə bir qədər də yaxınlaşmaq imkanı verəcək.

Deməli, bu axşam Gəncədə söhbət yalnız dolu tribunalar önündə oynamaqdan və prinsipial rəqabətdən getmir. Qarşılaşmanın nəticəsi turnir cədvəlindəki mövqelərə də ciddi təsir göstərə bilər.

Sadalananlar axşamkı duelin kifayət qədər maraqlı və gərgin keçəcəyini vəd edir. Meydanın bir tərəfində ötən mövsüm Çempionlar Liqasının Liqa mərhələsində çıxış etmiş “Qarabağ”, digər tərəfində isə ortabab yerli və legioner futbolçulardan formalaşan, istəkli və mübariz “Kəpəz” olacaq.

Gəncə Şəhər Stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti